Baş məşqçi tarixi qələbədən danışdı
Avropa Liqasının III turunda səfərdə "Dnepr"ə (0:1) qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev adına Beynəlxalq hava limanında bir qrup jurnalistin suallarını cavablandırıb.
Sportal.az korner.az saytına istinadən həmin müsahibəni təqdim edir:
- Ukraynada tarixi qələbə qazandınız. Qələbə sevincinizi bizimlə bölüşməyinizi istərdik.
- Yaxşı qələbə qazandıq. Çox vacib 3 xal əldə etdik, amma biz tam tarixi qələbə haqqında düşünsək, qarşıdakı oyunlar bizim üçün ağır keçər. Buna görə də, bu oyunu tezliklə unutmalıyıq. Çünki Bakıdakı matç bizim üçün daha çətin olacaq. Həm rəqib, həm də biz bir-birimizi daha yaxından tanıdıq. Hazırda bütün fikrimizi çempionata yönəltməliyik. "Xəzər Lənkəran" oyunundan sonra, qalan qısa vaxt ərzində cavab qarşılaşmasına hazırlaşmalıyıq. Qələbəyə gəldikdə isə belə uğurlar çox olsa, həm bizim üçün yaxşı olar, həm də azarkeşlərin bizə inamı artar. Belə qələbələr bizim üçün lazım və vacibdir. Lakin bu qələbəni o qədər də böyütməməliyik. Çünki bu, həm mənə, həm də futbolçulara psixoloji təsir edə bilər. İndi çalışmalıyıq ki, işimizi daha da düzgün quraq və qarşıdakı oyunlarda da yaxşı nəticə əldə edək.
- Erkən qol vurduqdan sonra rəqibin baş məşqçisində narahatlıq hiss olunurdu. Sanki oyunda dönüş edə bilməyəcəklərini anlayırdı. Bəs sizdə necə, belə narahatlıq var idi? Yoxsa qalib gələcəyinizə tam əmin idiniz?
- Narahatlıq həmişə olur. Hətta 3:0 öndə olanda da narahat oluram. Çünki dünya futbolu göstərir ki, qalib gəldiyin oyunda bir an içində məğlub ola bilərsən. Lakin narahatlıqdan əlavə, hər bir baş məşqçinin özündə inam olmalıdır. Həm oyundan əvvəl, həm oyun zamanı, hətta hesabda geri ikən də qalib gələ biləcəyinə inanmalısan. Komandana inam hissi olmasa, heç zaman qalib gələ bilməzsən.
- Komandanın əks-hücumlarda çıxışları sizi tam qane etdi?
- Daha yaxşı əks-hücumlar edə bilərdik, amma rəqibin futbolçularını nəzərə alsaq, qane etdiyini deyə bilərəm. Təkcə hücumçuların yox, həm yarımmüdafiəçi, həm də müdafiəçilərinin sürətli olması bizə problem yaradırdı. Bu səbəbdən bəzi epizodlarda çətinlik çəkirdik. Lakin bu da normal haldır, çünki hər düşündüyümüz əks-hücumda cərimə meydançasına daxil olsaydıq, bu, rəqibimizin bizi yaxşı analiz etməməsi anlamına gələrdi. Lakin onların həm futbolçuları, həm də baş məşqçiləri oyuna yaxşı hazırlaşdıqlarından, lazimi vaxtda müdafiəyə qayıda bilirdilər.
- Almeydanın zədəsi ciddidir?
- O qədər də ciddi zədə deyil, sadəcə yorğunluq zədələnməyinə səbəb oldu. Düşünürəm ki, meydanda çox hərəkətdə oldu. Bu səbəbdən əzələsində kiçik problem yaşandı. Tez zamanda sağalıb, komandaya qoşulacaq.
- Leroy Corcun zədələnməsi hansısa taktiki dəyişiklik etməyinizə səbəb oldumu? Ümumiyyətlə, onun yoxluğu Bakıdakı oyunda hiss oluna bilərmi?
- Hər bir oyunçunun sıradan çıxması, hər məşqçi üçün problem yaradır. Məşqçi üçün nə qədər çox seçim olsa, bir o qədər daha yaxşı heyət qura bilər. Lakin heyət az olanda da zədələnmələr komandaya problem yaradır. Bir futbolçunun zədələnməsini böyük problemə çevirsək, heç bir nəticə də verə bilmərik. Leroydan əlavə, əsas heyətdə oynamağa layiq başqa futbolçular da var. Çalışıram ki, hər oyunda həmin futbolçulara da şans verim. Düşünürəm ki, onlar da ümidlərimi doğruldur. Sabah zədəsi olmasa belə, Leroyu əsas heyətdə görməsəniz, təəccüblənməyin. Çünki hər bir oyunçu əsas heyətdə oynamağa layiqdir.
- Rəqibin baş məşqçisi açıqlamasında çempionat və "Dinamo" (Kiyev) ilə oyunlarını Bakıdakı görüşdən daha vacib olduğunu söylədi. Siz necə düşünürsünüz, "Qarabağ" üçün əsas çempionat oyunudur, yoxsa "Dnepr"lə cavab qarşılaşması?
- Bizim üçün hər bir matç vacibdir. Rəqibin baş məqşçisinin bu açıqlaması takiki gediş də ola bilər. Düşünürəm ki, heç bir məşqçi Avropada uğursuz çıxış etməyi istəməz. Ola bilər ki, bu açıqlama ilə bizi sakitləşdirmək istəyib. Lakin digər açıqlamalarında 2 oyundan maksimum nəticə əldə etmək istədiklərini bildirmişdi. Ümumiyyətlə, rəqibin futbolçularının və baş məşqçisinin dediklərinə çox da fikir verməməliyik. Bizim üçün əsas olan öz işimizi görməkdir. Dediyim kimi, həm çempionat, həm də Avropa Liqası bizim üçün çox önəmlidir. Hər bir matç, futbolçular üçün çox böyük təcrübə deməkdir.
- 2 gündən sonra Premyer Liqada "Xəzər Lənkəran"la qarşılaşacaqsınız. Oyunun təxirə salınması üçün PFL-ə müraciət edəcəksinizmi?
- Xeyr, müraciət etməyi düşünmürəm. Çünki "Araz-Naxçıvan"la görüşün təxirə salınması üçün etdiyimiz müraciət çox böyük müzakirələrə səbəb oldu. Çoxları komandanın fiziki olaraq çatdırmadığını söyləyirdi. Lakin bu, belə deyil. Məni əsas narahat edən məsələ komandanın oyunlara psixoloji cəhətdən hazır olmamasıdır. Bəzən uğursuz nəticəyə görə komandada bəzi futbolçular sarsıntı keçirirlər. Hər bir baş məşqçi bu hallarda istəyir ki, komandanı həmin durumdan çıxartsın. Mən də o zaman, bunun lazım olduğunu bilib, PFL-ə müraciət etmişdim. Sağ olsunlar, müraciətimi qəbul etmişdilər. "Yox" desəydilər də, bunu normal qarşılayacaq və ikinci varianta əl atacaqdım. İndiki halda oyunun təxirə salınmasına komandanın ehtiyacı yoxdur. Bu səbəbdən də, "Xəzər Lənkəran"la görüşün təxirə salınması üçün PFL-ə müraciət etməyəcəyik.
saytlarin hazirlanmasi