"Qarabağ"a qalib gələcəyimizə söz verə bilmərəm"

17:35 - 28 Oktyabr 2014

"Niyə də milli komandaya dəvət almayım?"

 

"İnter" klubunun yarımmüdafiəçisi Nizami Hacıyev Qol.Az saytına müsahibəsində Premyer Liqamızın son turunda "Neftçi" ilə qarşılaşmalarından(0:0), sabah "Qarabağ"la keçiriləcək oyundan və digər məsələlərdən danışıb.

 

- "Neftçi" ilə oyunda heç-heçə etməklə liderliyi "Qarabağ"a təhvil verdiniz. Bu görüş haqda fikirlərini bilmək istərdik.

- "Neftçi" çempionluq uğrunda bizimlə birbaşa mübarizə aparan rəqiblərimizdəndir. Buna görə də oyunun məsuliyyətini yaxşı dərk edirdik. Rəqibi yaxşı analiz etmişdik. Qarşılaşma gözlədiyimizdən də çətin keçdi. Stadionun ot örtüyü yaxşı vəziyyətdə deyildi. Məncə, nəticə oyuna görə oldu. Yəni heç bir komanda qələbəyə layiq deyildi. Hər iki komandanın qol imkanları az oldu. Çempionluq üçün oynayan "Neftçi"nin meydanında heç-heçə etmək bizim üçün pis nəticə sayılmamalıdır.

- "İnter" bu mövsüm  çempionatda ən çox qol vuran komandadır, ancaq son iki oyunda rəqib qapılarına yol tapa bilmirsiniz.

- Futbolda belə hallar olur. Qol vura bilməməyimiz mənə də qaranlıq qalır. Qeyd etdiyiniz kimi, komandamız qol vurmağı bacarır. Yəqin ki, bizə göz dəyib (gülür).

- Bəlkə, çempionatda yaranan fasilə "İnter"in oyununa təsir etdi?

- Əlbəttə, bu fasilələr nəinki bizim, bütün komandaların işinə çox ziyan vurur. Komanda yenicə oyun tempini tutan zaman çempionatda fasilə yaranır. Fikir verin, fasilədən sonra iki oyun keçirmişik, "Qarabağ"la oyunumuzdan sonra isə yenidən fasilə yaranacaq. Mən bu fasilələrin əleyhinə deyiləm. Ancaq hər şeyin bir qaydası var. Həftədə iki çempionat oyununa çıxsaq, daha yaxşı olardı. Dünyanın heç bir yerində milli komandaya görə çempionatda 15 gün fasilə yaranmır.

- Sabah Premyer Liqamızın növbəti turunda lider "Qarabağ"la qarşılaşacaqsınız. Yəqin "İnter"in dörd ildir ki, "Qarabağ"a qalib gələ bilmədiyini bilirsən.

- Bəli, bir müddət "Qəbələ"də çıxış etsəm də, bu statistikadan xəbərim var. Bizim komandamızda da özünə hörmət edən, yaxşı futbolçular oynayır. Mən söz verə bilmərəm ki, "Qarabağ"a qalib gələcəyik. Sadəcə, bizə verilən tapşırığı yerinə yetirməliyik. "Qarabağ" bu gün Azərbaycanın ən yaxşı komandalarından biridir. Bu komanda nəinki biz idmançıların, ümumilikdə bütün Azərbaycanın sevgisini qazanıb. Bütün bunlar elə-belə əldə olunmayıb. "Qarabağ" bu səviyyəyə gələnə qədər böyük təcrübə toplayıb. Demək istəyirəm ki, rəqibimizin hansı komanda olduğunu yaxşı bilirik. "Qarabağ"ı yaxşı analiz edəcəyik.

- "Qarabağ"ı analiz etmək sizin üçün çətin olmamlıdır.

- Düzdür, "Qarabağ"ın oyun stilinə hamı bələddir. Nəyə qadir olduqlarını, hansı futbolçuların oyunun taleyini həll etmək gücündə olduğunu bilirik. Amma sabah qarşımıza hansı heyətlə çıxacaqlarını bilmirik.    Rəqibimiz yüksək səviyyəli komanda olduğundan bilinmir ki, sabah hansı heyətlə mübarizə aparacaq.

- "Qarabağ" son turda "Xəzər Lənkəran"a demək olar ki, ikinci heyətlə qalib gəldi. Sizinlə oyunda da Qurban Qurbanovun əsas heyət üzvlərinə istirahət verəcəyi istisna deyil.

- Həmin futbolçularla da "Qarabağ" rəqibini üstələdi. Bizimlə oyuna gəldikdə isə onu deyim ki, şəxsən mənim üçün rəqibin hansı heyətlə oynayacağı maraqlı deyil. Biz üzərimizə düşəni etməliyik, qələbə qazanmağa çalışmalıyıq. Heyətimizdə itkilər də var. Əlbəttə, iki əsas futbolçumuzun sıradan çıxmağı bizdə narahatlıq yaradır. Amma neyləmək olar? Hamı yaxşı başa düşür ki, sabah oyunda can qoymaq lazımdır.

- Berti Foqtsun istefasından sonra millimiz müvəqqəti olaraq Mahmud Qurbanova tapşırıldı. Yığmamızın sabiq üzvü kimi buna münasibətini bilmək istərdik.

- Mahmud Qurbanov Azərbaycan futbolunda tarix yazıb. Onu hamı yaxşı tanıyır. İnanıram ki,  M.Qurbanov düzgün seçim edəcək. Yəni qarşıdan gələn millimizin Norveçlə oyunu onun karyerasında çox şeyi dəyişə bilər. Millidə çıxış etsəm də, etməsəm də komandamızın hər bir qələbəsinə qürurlanıram. Mən azərbaycanlı futbolçuyam. Çalışıram ki, Azərbaycanın adını futbolla yüksəldim. Bunun üçün millidə oynasam da olar, oynamasam da.

- Mahmud Qurbanov milli komandanın qapısının hər bir furbolçuya açıq olduğunu deyib. Sən də Qurbanovdan dəvət gözləyirsən?

- Əlbəttə ki, gözləyirəm. Berti Foqtsdan da dəvət gözləyirdim. "İnter"in əsas heyətində meydana çıxıram, özümü yaxşı tərəfdən göstərirəm. Niyə də milli komandaya dəvət almayım? Daima çalışmışam ki, milli komandanın məşqçilərinin diqqətini cəlb edim. Hər bir futbolçu kimi mən də yığmamızda oynamaq istəyirəm. Artıq bir ildən artıqdır ki, millidən mənə təklif gəlmir. İndiyə qədər millimizin heyətində rəsmi oyuna çıxmamışam. Ancaq yoldaşlıq oyunlarında iştirak etmişəm. Hər bir futbolçu istəyər ki, milli komandanın formasında meydana çıxsın və xalqına necə oynadığını göstərsin. Mənə millidə heç vaxt bu şans verilməyib.  Mənə Hindistana qol vurmaq lazım deyil. Əlimdən gələni edəcəm ki, milli komandamıza dəvət alım. Mənim 26 yaşım var. Neçə illərdir ki, bu şansı gözləyirəm.

- Berti Foqts  son vaxtlar "İnter"in futbolçularına şans vermirdi.

- "İnter" son tura qədər turnir cədvəlinə başçılıq edirdi. Bu müddət ərzində Foqts komandamızdan təkcə Səlahət Ağayevi milliyə çağırıb. Ancaq dünyanın bütün ölkələrində birinci pillədə olan komandadan ən azı 3-4 futbolçu yığmaya dəvət alır. Əfsuslar olsun ki, bizdə belə deyil. Millidə ən layiqli futbolçular çıxış etməlidir. Hamını sınaqdan keçirmək lazımdır. Kim güclüdürsə, millidə qalsın.

Xəbər xətti