"Maraqlanmısınız, heç Lippert Azərbaycana gəlməzdən əvvəl harada işləyib?"
Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov müsahibəsində Berti Foqtsun istefası və millinin baş məşqçisi olmağa namizəd mütəxəssislərdən danışıb. Müsahibəni təqdim edirik.
- Berti Foqtsun Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən istefası sizin üçün gözlənilən idi?
– Foqts dövrü artıq tarixdə qaldı. Biz gərək millinin gələcəyi barədə düşünək. Ona işinə görə təşəkkür etdik. O getdi, millimizdəki problem isə hələ qalmaqdadır. Yığmadakı problemlər bu günə qədər həll olunmayıb. Əcnəbi məşqçilərlə işlədik və indi həmin işin nəticəsi barədə danışaq. Nəticə olmadı. Yeni stadionlar tikilir, milli üçün hər cür şərait yaradılır. Baş məşqçi kimi Foqtsun hər istəyi yerinə yetirilirdi. Lakin nəticə olmadı.
- Millinin Avro-2016-nın seçmə mərhələsində İtaliya və Xorvatiya ilə rəsmi oyunlarda ağır məğlubiyyətini gözləyirdinizmi?
– İtaliya millisinə qarşı millimiz normal oynadı. Yəni, nəticəni düşünsək 1:2 hesabıyla uduzmaq faciə deyil. Mənə təsir edən Foqtsun İtaliya – Azərbaycan görüşündən sonra dediyi sözlərdir. O dedi ki, Azərbaycan millisi 10 il əvvəl komanda olsaydı onda 0:7, 0:10 hesabıyla uduzardıq. Yığmanın baş məşqçisi kimi belə danışmaq olmaz. Əgər hörmət istəyirsənsə, başqalarına hörmətlə yanaşmalısan. 10 il əvvəl millidə işləyən Abdullayev, Diniyev – hər bir məşqçi işlədiyi zaman ən yaxşını etməyə çalışıb. Foqts isə bu insanlara qarşı düzgün danışmırdı.
- Hazırda milli baş məşqçi axtarır. Sizin namizədiniz var?
– Azərbaycandan kənarda olsam da, futbol həyatıyla daim maraqlanıram. “Qarabağ”ın uğurlarını hamı görür. Bu komanda stabil oyun sərgiləyir. Avroliqada bütün oyunlarda əzmkar oyun oynayır. Fikrimcə yerli məşqçilərə şans verməyin vaxtı gəlib. Mənim namizədim Qurban Qurbanovdur. Əgər məndən soruşsalar deyərdim ki, Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov olmalıdı.
- Belə fikir səsləndirirlər ki, eyni zamanda həm “Qarabağ”, həm də millidə çalışmaq Qurbanov üçün çətin olar…
– İndiki halda müəyyən müddət iki yerdə çalışmaq olar. Qurbanov çalışqan insandır. “Qarabağ”ı millinin baza klubu kimi formalaşdıra bilər. Bu həm də milliyə kömək olar. Sonradan özü necə istəsə elə qərar verər. Biz onun işinə müdaxilə etməməliyik. Fikrimcə Qurbana şans verilməlidir. Azarkeşlər onu dəstəkləyir. O millidə uğur qazana bilər. 1-2 il zamana ehtiyacı olacaq, amma ona inanmaq lazımdır. Eyni zamanda bütün yaş qruplarına nəzarəti də millinin baş məşqçisi etməlidir.
- Yerli məşqçilər vaxtı ilə millidə işləyib və nəticə qazanmayıb. Buna görə bəzən yenidən əcnəbiyə üstünlük veriləcəyi deyilir…
– Bu işdə söz sahibi deyiləm. Amma Foqtsla Lippertin işini gördük. Maraqlanmısınız, heç Lippert Azərbaycana gəlməzdən əvvəl harada işləyib? Almaniyada 4-cü liqada çalışıb. Axı gənclərdən ibarət komandanı niyə yerli məşqçi çalışdırmasın. Azərbaycan məşqçiləri kənarda qalıb. Hər yerdə öz mütəxəssislərinə dəstək olurlar. Bizdə belə deyil. Gənc məşqçilər xaricə kursa göndərilsə pis olar? Axı onlar indi öyrənməlidir ki, sabah millidə və ya başqa komandada futbolun inkişafı üçün çalışsın. Millinin sabiq baş məşqçiləri, veteran futbolçulara diqqət lazımdır. Özümdən danışmıram, digərlərini də nəzərə alıram. Bəzən deyirlər ki, onlar artıq Azərbaycan millisində işləyib. Axı o vaxt milli üçün belə şərait olmayıb. Yadınıza salın, o zaman nə pul var idi, nə şərait. Amma milli sona kimi vuruşurdu, qələbə də qazanırdı. İndi şərait var, amma oyun yoxdur. İsveçdə “Malmö” klubunu çıxmaq şərtiylə digərlərində yerli məşqçilər çalışır. Biz isə öz məşqçilərimizi unutmuşuq. Mircavadov, Diniyev eləcə də digərləri işsiz olmamalıdı. “Qarabağ”ın uğurlarında klub rəhbərliyinin də böyük rolu var. Qurbana inandılar və sona qədər dəstək oldular. Tahir Gözəlin əməyini qeyd etməyə bilmərəm. Hər zaman komandanın yanında oldu. Millidə də Qurbana inanmaq lazımdır. Sadəcə səbrli olmaq gərəkdir. Millini 1-2 günə düzəltmək olmaz.
- Foqtsdan sonra yenidən əcnəbi məşqçi təyin olunsa necə olacaq?
– Millidə bütün sistem dəyişəcək. Yeni əcnəbi vaxt istəyəcək və hər şeyi öz sisteminə uyğun qurmağa başlayacaq. U-15, U-19, U-21 və digər komandalara öz həmyerlilərini gətirəcək. Yerli məşqçilərlə işləməkdən çəkinmək lazım deyil. Əgər yerlilərdən nəticə istəyiriksə onlara işləmək üçün imkan verməliyik.
- Avroliqanın qrup mərhələsində keçirilən “Dnepr”-“Qarabağ” görüşündə Ağdam təmsilçisinin oyunu barədə nə fikirdəsiniz?
– Yaxşı oynadılar və vacib 3 xalı qazandılar. “Qarabağ” artıq Avroliqaya hazır komandadır. Rəqiblərdən çəkinmir, hamıyla rahat mübarizə aparır. Bu komanda 5-6 il ərzində formalaşdırılıb. Onların uğuruna çox sevinirəm.
- Azərbaycan çempionu Avroliqada 1/16 final mərhələsinə vəsiqə qazana bilər?
– Arxayınlaşmaq olmaz. Bu barədə indidən danışmaq düzgün deyil. Futbolçuların hər oyuna ciddi hazırlaşması üçün fikirlərimizdə diqqətli olmalıyıq. Evdə “Dnepr”lə oyun çox şeyi həll edəcək. Məhz bu görüşdə “Qarabağ”ın qələbəsi futbolumuz üçün böyük əhəmiyyət kəsb edəcək. Qrupdakı növbəti iki oyun çox şeyi həll edir. “Qarabağ”a uğurlar arzulayıram.
Mənbə: Sportpress.az