Ən yadda qalan anlar
"Qəbələ”nin rəsmi saytında "2014-cü ilin 14 məqamı” başlıqlı yazı yer alıb. Yazıda "Qəbələ” İdman Klubu üçün başa çatmaqdan olan ən yaddaqalan anlar xatırlanıb.
Sportal.az sizə həmin yazını təqdim edir:
- Son günlərini yaşadığımız 2014-cü il "Qəbələ” İdman Klubu üçün uğurlu alınıb. İdmançılarımız başa çatmaqda olan ildə bir sıra nailiyyətlər qazanıb. Futbol meydanları ilə yanaşı, klubumuzda fəaliyyət göstərən digər idman növlərində də "qırmızı-qaralar” azarkeşlərini sevindirə bilib. 2014-cü ilin ən yaddaqalan 14 məqamını sizlərə təqdim edirik.
1. İlk dəfə Avropada
2005-ci ildə yaranan "Qəbələ”nin avrokuboklarda debütü 2014-cü ildə gerçəkləşib. Topaz Premyer Liqasında 3-cü yeri tutmaqla, Avropa Liqasına vəsiqə əldə edən "qırmızı-qaralar” bu yarışın təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Şiroki Briyeq” klubu ilə görüşüb. Qəbələdə keçirilən ilk avrokubok matçı ilə komanda 9 illik tarixində yeni səhifə açıb.
2. Tarixi bürünc
Mayın 17-də "Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edən "Qəbələ” Azərbaycan çempionatları tarixində ilk mükafatını qazanıb. Son turadək 3-cü pillədə olan "Neftçi”nin xal itirməsi "qırmızı-qaralar”ın bürünc mükafat əldə etməsi ilə nəticələnib. 36 oyunda 61 xal əldə edən "Qəbələ” klub rekordlarını yeniləməklə yalnız "Qarabağ” və "İnter”dən geri qalıb. Hesabında 18 qələbə, 7 heç-heçə və 11 məğlubiyyət olan komanda 48 qol vurub, 36-nı buraxıb.
3. Final həyəcanı
Ardıcıl 3 mövsüm 1/4 finalda büdrəyən, son iki mövsümdə yarışı məğlubiyyətsiz başa vuran "Qəbələ” Azərbaycan kuboku tarixində ilk dəfə finala yüksəlib. Yarımfinal səddini 3-cü cəhddən adlayan "qırmızı-qaralar” həlledici qarşılaşmada "Neftçi” ilə qarşılaşıb. Ölkənin ən titullu klubu ilə 120 dəqiqə bərabər səviyyədə mübarizə aparan Yuri Syominin baş məşqçisi olduğu komanda yalnız penaltilər seriyasında məğlub olub.
4. Ənənə davam edir
Artıq ənənəvi olan "Qəbələ kuboku” turniri baş tutub. 8 klubun U-15 komandalarının yarışına "Liverpul” (İngiltərə), "Fənərbaxça” (Türkiyə), "Udineze” (İtaliya), "Rapid” (Avstriya), "Lokomotiv” (Rusiya), "Anderlext” (Belçika) kimi komandalar dəvət olunub. Ölkəmizi "Qəbələ” və "Neftçi”nin təmsil etdiyi yarış Belçika klubunun qələbəsi ilə başa çatıb. "Qəbələ” isə yarışın yarımfinalına yüksəlməklə, sonda 4-cü olub.
5. 8 komanda 7 medal
2013/14 mövsümü təkcə əsas komanda deyil, "Qəbələ” Futbol Akademiyasının yetirmələri üçün də uğurlu olub. AFFA-nın təşkil etdiyi liqalarda mübarizə aparan 8 komandadan 7-si mövsümü mükafatla başa vurub. U-13, U-15, U-16 çempion olubsa, U-12, U-17, U-19 gümüş, U-14 bürünc mükafata yiyələnib.
6. 4-cü dəfə üçlükdə
Əvəzedicilərin çempionatında da "Qəbələ” uğur əldə edib. 2011/12 mövsümündəki ən yaxşı nəticəsini təkrarlayan "qırmızı-qaralar” mövsümü gümüş medalla tamamlayıb. Yalnız "İnter”dən geri qalan komanda tarixinin 4-cü medalını qazanıb. Belə ki, "Qəbələ” 2009/10 və 2010/11 mövsümlərində ardıcıl 2 bürünc qazanıb.
7. İki yeni rekord
2014-cü il "Qəbələ”də iki rekordun qırılması ilə əlamətdar olub. Klub tarixində ən çox oyun keçirən və ən çox qol vuran futbolçu dəyişib. Braziliyalı Dodo neçə vaxtdır hamıdan çox oyun keçirən ünvanını əlində saxlayan Pavel Doroşevi arxada qoyub. Cənubi amerikalı 99 matç keçirən qapıçının rekordunu qırmaqla siyahıda 1-ci pilləyə çıxıb. Hazırda onun hesabında 122 oyun var. 2014-cü ildə 8 qol vuran Viktor Mendi isə ümumi qol sayını 26-ya çatdırıb. Bununla da o, 20 dəfə fərqlənən Rövşən Əhmədovun nəticəsini arxada qoyub.
8. Avropanın 1 nömrəsi
Azərbaycanı və "Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğunu qazanıb. O, bu ad uğrunda revanş döyüşündə Almaniya təmsilçisi Matias Pelklə qarşılaşıb. WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün ilk saniyələrdən üstünlüyü ələ alan Məmmədov dördüncü raundda rəqibini nokauta salıb və WBO və WBCA versiyaları üzrə Avropa kəmərinə sahib çıxıb.
9. Polşadan 2 medal
Polşada keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatı "Qəbələ” üçün uğurlu alınıb. Azərbaycan milli komandasının yarışda qazandığı 3 medaldan ikisini klubumuzun üzvləri əldə edib. Uşanqi Kokauri (+100 kq) yalnız finalda məğlub olmaqla, gümüş mükafata yiyələnib. Mehman Sadıxov (60 kq) isə Polşada bürünc mükafatçı kimi fəxri kürsüyə yüksəlib. Ümumiyyətlə, 2014-cü il Sadıxov üçün uğurlu alınıb. Avropa kuboku və bir sıra digər yarışlarda da mükafat əldə edən idmançımız Amerika Birləşmiş Ştatlarında keçirilən Gənclərin Dünya Birinciliyində 60 kq çəki dərəcəsində bürünc medala sahib olub.
10. Qəbələdə Dünya kuboku
Bu il Qəbələdə Stend və Ox Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi keçirilib. "Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və stend olimpiya atıcılıq növləri üzrə 280 idmançı iştirak edib. Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunan yarışa dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq gəlib.
11. "Qəbələ”də yeni bölmə
2014-cü ildə "Qəbələ” İdman Klubunda daha bir növ üzrə bölmə fəaliyyətə başlayıb. Belə ki, klubumuzda sərbəst güləş bölməsi də açılıb. Bu, "Qəbələ”də futbolla yanaşı fəaliyyət göstərən idman növlərinin sayını artması ilə nəticələnib. Bunadək boks, cüdo, taekvondo, atçılıq, karate, kikboksinq və MMA bölmələrə malik klubun fəaliyyəti daha da genişlənib.
12. "Porto”dan "Qəbələ”yə
2014-cü il futbol komandasının tarixinin ən sanballı keçidi ilə əlamətdar olub. Tanınmış rusiyalı mütəxəssis Yuri Syominin rəhbərliyi dövründə sayılıb-seçilən futbolçuları heyətinə qatan "qırmızı-qaralar” Marat İzmaylovu da icarəyə götürüb. Məşhur "Porto” klubundan gələn legioner klub tarixinin ən tanınmış futbolçusu olub. İki Avropa, 1 dünya çempionatının iştirakçısı olan yarımmüdafiəçi yayda klubdan ayrıldı. Kubokun finalı, bürünc medal və avrokuboklara vəsiqədə böyük rolu olan Syomin və transferlərinin əldə etdiyi uğurlar Rusiya Premyer Liqa klublarının diqqətindən yayınmadı. Syomin, köməkçiləri , Lorenso Ebesilio və İbrahim Niasse "Mordoviya”, İzmaylov "Krasnodar”a keçib.
13. Tayvandan qızıl medalla
"Qəbələ” taekvondoçuları bölmənin fəaliyyət dövründəki ən böyük uğurlarını 2014-cü ildə əldə edib. İki idmançımız dünya birinciliyinin mükafatını əldə edib. Ən böyük nailiyyəti isə Məhəmməd Məmmədov əldə edib. O, Tayvanda keçirilən Gənclərin dünya birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Yeniyetmələrin Bakıdakı analoji yarışında isə Nərgiz Mirzəyeva bürünc medal qazanmağı bacarıb.
14. Qəbələdə möhtəşəm kikboksinq turniri
Qəbələ Olimpiya İdman Kompleksi möhtəşəm kikboksinq turnirinə ev sahibliyi edib. "Qəbələ” İdman Klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan kikboksinq Federasiyasının dəstəyi ilə ilk dəfə təşkil olunan "Gabala Fight Series” çərçivəsində "Glory Ranked Fights” üzrə döyüşlər keçirilib. Rinqə çıxanlar arasında olan klubumuzun üzvü Pərviz Abdullayev çinli Jiao Fukaini nokautla məğlub edib və bu qələbə ilə "Glory” seriyasına vəsiqə qazanıb.