"Mənə olan inamı doğruldacağam"
“Qəbələ” Futbol Akademiyasının yetirməsi, komandanın Antalya düşərgəsindəki ən gənc futbolçu Qismət Alıyev klubun rəsmi saytına açıqlama verib.
Sportal.az sizi həmin fikirlərlə tanış edir:
“Premyer Liqanın ikinci dövrəsinin son oyunundan – “İnter”lə qarşılaşmadan öncə əsas komandanın heyətinə qatıldım. Ona qədər əvəzedici komandanın uğurları üçün tər tökürdüm. Bu mənim üçün çox sevindirici hal oldu. Hazırda əsas komandanın Antalya toplanışında mövsümün ikinci yarısına hazırlaşırıq. “Üzərimə düşən məsuliyyəti yaxşı başa düşürəm. Bu həm böyük təcrübə, həm də gələcəyim üçün gözəl şansdır. Özümü yaxşı tərəfdən göstərməyə, mənə verilən bu şansdan yararlanmağa çalışıram.
Öz gücümə və bacarığıma güvənirəm. Amma gənc və təcrübəsizəm və bu mərhələdə hansısa səhvlər qaçılmazdır. Bütün futbolçular karyeralarında sözügedən mərhələni keçiblər. Təbii ki, bu mərhələni uğurla adlamaqda kollektiv də böyük rol oynayır. Məşqçilər korpusu və təcrübəli futbolçular həm meydançada, həm də meydançadan kənarda heyətimizdəki gənc futbolçulara dəstək olurlar. Bizlərə peşəkar futbolçu kimi yetişməkdə yardım edirlər. İnanıram ki, bu toplanışdan lazımınca yararlanmağı bacaracağam və mənə olan inamı doğruldacağam".
saytlarin hazirlanmasi