Ruslan Əmircanov: "90 dəqiqə mübarizə aparmaq üçün..."

10:40 - 9 Yanvar 2015

"O, bizi adlarımıza görə yox, oyunumuza görə dəyərləndirir"

 

"Sentyabrın 28-dən - "Xəzər Lənkəran"la qarşılaşmadan bu yana yaşıl meydanlardan uzaq qalmışdım. Həmin matçda aldığım zədə məni uzun müddət futboldan ayrı saldı. Əməliyyat olundum, sonra isə bərpa prosesi keçdim. Artıq komanda ilə məşqlərə çıxıram. Düzdür, hələ tam gücümü ortaya qoya bilmirəm. Formaya düşmək, istənilən fiziki duruma çatmaq, 90 dəqiqə mübarizə aparmağa hazır olmaq üçün üçün hələ bir müddət məşq etməliyəm. Bu səbəbdən komanda ilə məşqlərdən öncə və sonra fərdi şəkildə hazırlıq keçirəm. Gücümü bərpa etmək üçün əlavə məşqlər vacibdir".

 

Sportal.az xəbər verir ki, bu sözləri uzun müddət zədəli olan və komandadan ayrı qalan "Qəbələ"nin futbolçusu Ruslan Əmircanov klubun rəsmi saytına açıqlamasında deyib.

 

Hazırda "qırmızı-qaralar"ın heyətində Antalyada mövsümün ikinci yarısına hazırlaşan təcrübəli müdafiəçi gələcəklə bağlı ümidli danışıb. R.Əmircanov komandanın fasilədən sonra istənilən səviyyədə çıxış edəcəyinə inandığını deyib:

 

"Hazırlığımız intensiv gedir, komanda gün keçdikcə gücünə güc qatır. Yeni baş məşqçimiz var. Onun "Qəbələ"yə xeyir verəcəyinə, komandamızın fasilədən sonra istənilən səviyyədə çıxış edəcəyinə inanırıq. Heyətimizə yeni futbolçular da qoşulub. Yeni olmalarına baxmayaraq, Aleksey Qay da, Rəşad Sadiqov da artıq kollektivə uyğunlaşıb. Məşqlərdə futbolçularda əzmkarlıq, mübarizə ruhu, rəqabət hiss olunur. Çünki hamı yaxşı bilir ki, heyətdə yer almaq üçün öz gücünü, bacarığını ortaya qoymalıdır. Dediyim kimi, baş məşqçimiz yenidir, o bizi adlarımıza görə deyil, nümayiş etdirdiyimiz oyuna görə dəyərləndirir. Komandada yer almaq istəyən çalışmalıdır. Heç vaxt mübarizədən, rəqabətdən çəkinməmişəm. Komandama xeyir vermək üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. İnanıram ki, yaxın müddətdə ideal formamı bərpa edəcəyəm".

Xəbər xətti