UEFA Kubokunun qalibi 6 aylıq müqaviləa bağladı
Mövsümün ikinci yarısı ərəfəsində heyətini gücləndirməkdə olan "Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Sportal.az xəbər verir ki, bunadək Rəşad Sadiqov və ukraynalılar - Aleksey Qay və Dmitri Bezotosnı ilə anlaşan "qırmızı-qaralar” Ruslan Fominlə də müqavilə imzalayıb. 1986-cı il doğumlu ukraynalı hücumçu 6 aylıq müqaviləyə imza atıb. Yaya qədər "Qəbələ"nin şərəfini qoruyacaq forvardın son klubu Odessa "Çernomorets”i olub.
Bu klubda "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında çıxış edən, Qay və Bezotosnu ilə komanda yoldaşı olan Fomin 2014-cü ilin yayında keçdiyi Odessa təmsilçisində yarım mövsüm keçirib. Bunadək isə o, zəngin karyeraya malik olub.
Xarkov "Arsenal”ının yetirməsi olan Fomin 2002-05-ci illərdə bu klubda oynadıqdan sonra Donetsk "Şaxtyor”una keçib və 6 il bu klubun oyunçusu sayılıb. Düzdür, bu müddətdə Fomin icarə əsasında "Metallist”, "Zarya” və "İliçevets”də də çıxış edib. Ardınca "İliçevets”lə müqavilə imzalayan hücumçu 2014-cü ilin yayınadək bu komandanın uğurları üçün çalışıb.
Karyerası ərzində Ukraynanın U-19 və U-21 yığmalarının şərəfini qorumuş Fominin ən böyük uğurları "Şaxtyor”la bağlıdır. 2008/09 mövsümündə bu komanda ilə UEFA kubokunu qazanan hücumçu 2005/06, 2009/10-cu illərdə Ukrayna çempionu, 2008/09 mövsümündə gümüş, 2006/07 və 2007/08 mövsümlərində bürünc mükafatçı olub. Hücumçu 2006-cı ildə isə Ukrayna yığmasının heyətində gənclər arasında Avropa çempionatının gümüş medalını qazanıb.
saytlarin hazirlanmasi