"Qriqorçuk kimi baş məşqçi ilə avrokuboklardan kənar qalacağımız inandırıcı gəlmir"

18:30 - 22 Yanvar 2015

"Azərbaycana qayıtmaq mənim üçün çox xoş oldu"
 
"Qəbələ"yə baş məşqçi kimi gələndə bir müddət çalışıb, komandanı müəyyən mərhələyə qədər inkişaf etdirdik. Həmin vaxt diqqətimi əsasən klubun meydançada və ondan kənardakı sahəsində inkişafına yönəltmişdim. Ardınca işimdən ayrılsam da, bir müddət sonra klubun prezidenti məni dəvət edib, özünün müşaviri vəzifəsinə təyin etdi. Bu müddətdə həm əsas komandanın oyunlarını, akademiyanın fəaliyyətini izləyir, onların inkişaf proqramı haqda fikirlərimi klub rəhbərinə hesabat şəklində təqdim edirdim". 
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni futbol direktoru Toni Adams klubun rəsmi saytına açıqlamasında deyib.  
 
İngiltərəli mütəxəssis yenidən Azərbaycana qayıdacağı üçün xoşbəxt olduğunu bildirib: "Müşavir vəzifəsindən futbol direktorluğuna keçmək, təbii ki, komandayla daha sıx əlaqədə olmaq, akademiyanın işini meydançada görmək, infrastrukturu inkişaf etdirmək mənasına gəlir. Əvvəl daha çox məsləhətçi qismində çalışırdımsa, indi öz təcrübəmi bölüşməklə yanaşı, görülən işlərə görə həm də məsuliyyət daşıyıram. “Qəbələ”yə, Azərbaycana qayıtmaq mənim üçün çox xoş oldu. Əminəm ki, klubun inkişafına kömək edə biləcəm".
 
Adams yeni vəzifəsindəki ilk günlərindən danışıb: "Bu gün artıq nəticələri görməyin vaxtıdır. Çünki arxada qalan müddətdə böyük dəyişikliklərin olduğunu hiss edirəm. İndi komandaya Roman Qriqorçuk kimi yüksək səviyyəli baş məşqçi dəvət olunub. Onun baş məşqçi təyin olunması əla seçim idi. Hazırkı dövrdə yeni baş məşqçi ilə birgə çalışıb, ona dəstək olacağam. Qriqorçukun keçdiyi məşq proseslərini izləmişəm. Ukraynalı mütəxəssis komandanı yüksək səviyyədə hazırlayır. Antalya toplanışında mənim əsas işim məşqçiyə dəstək olmaq, komandanın inkişafına kömək etməkdir. Nəticəni isə mövsümün sonunda görəcəyik. Sözsüz ki, klubun əvəzedici heyətinin və futbol akademiyasının da işini diqqətdə saxlayıram”.
 
Adams mövsümün ikinci yarısına hazırlaşan “qırmızı-qaralar”ın avrokubok şanslarını dəyərləndirib: "Məncə, mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağıq. Belə bir məşqçi ilə komanda liderlər sırasında olmalı, ilk 4 pillədən birini tutmalıdır. Çempionatda sona qədər mübarizə edəcəyik və kifayət qədər ciddi rəqiblərimiz var. Amma bizim də yaxşı heyətimiz var. Qriqorçuk kimi baş məşqçi ilə avrokuboklardan kənar qalacağımız da inandırıcı gəlmir”.
 
“Qəbələ”nin futbol direktoru qeyd edib ki, yeni məşqçilər korpusu ilə birlikdə klubda bir sıra addımlar atacaqlar: “Heyətlə bağlı çalışmalarda olduqca diqqətli davranmalıyıq. Seleksiya işində səhvə yol vermək olmaz. Toplanış başa çatdıqdan sonra növbəti mövsüm üçün oyunçu seçiminə başlayacağıq və bu proses may ayına qədər davam edəcək. Qriqorçukla birlikdə çalışıb, komandanı irəli apara bilərik. “Qəbələ”də struktur, gənclərlə, əsas komandayla iş, bir sözlə hər şey yüksək səviyyədədir. Klubun prezidenti, vitse-prezidenti, baş meneceri və mən hamımız birgə baş məşqçiyə dəstək olmalıyıq. Təbii ki, klubda meydançadan kənar fəaliyyətlərlə də məşğul olacağıq. Klubun bütün departamentləri ilə birgə işləyəcəyik. Fikrimcə, hazırda klubun növbəti inkişaf mərhələsinə qədəm qoyuruq və hazırki kollektivlə bərabər bizi uğurlu bir dönəm gözləyir”.
 
Qeyd edək ki, “Qəbələ”yə qədər vətənində “Uikomb” və “Portsmut” klublarını çalışdıran Adams zəngin futbolçu karyerası ilə tanınıb. 49 yaşlı veteran karyerası ərzində yalnız bir klubun “Arsenal”ın formasını geyinib və 500-dən artıq matç keçirib. London təmsilçisində 14 il kapitan olan müdafiəçi İngiltərə yığmasında 66 görüşdə iştirak edib.

Xəbər xətti