Qriqorçukun uğurlu debütü
Premyer Liqanın XIX turu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun Azərbaycan çempionatında debütü ilə əlamətdar olub.
Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssisin ilk oyununda onun yetirmələri səfərdə “Bakı”ya 2:0 hesabı ilə qalib gəlib. Bununla da Qriqorçuk Premyer Liqa tarixinə 8-ci ukraynalı kimi düşüb. Onadək ölkəmizdə çalışan 7 mütəxəssisdən 3-ü “İnter”in baş məşqçisi olub. Valentin Xodukin 80, Anatoli Konkov 50, Oleq Smolyaninov 6 qarşılaşmada paytaxt təmsilçisinə rəhbərlik edib. Ukraynalılar arasında oyun sayında rekordçu isə “Simurq”u 108 matça çıxaran Roman Pokoradır. Adıçəkilən mütəxəssislərdən başqa İqor Nakoneçnı “MKT-Araz”da 50, Anatoli Demyanenko “Neftçi”də 16, Viktor Pasulko “Xəzər Lənkəran”da 13 çempionat matçında iş başında olub.
Ümumiyyətlə isə türkiyəli Naci Şensoyun ilk legioner baş məşqçi kimi futbol tariximizə düşdüyü 2001/02 mövsümündən Qriqorçukun debütünədək 50 əcnəbi Premyer Liqada çalışıb. Ukraynalı baş məşqçilərlə yanaşı, bu vəzifəni müvəqqəti icra edənlərin də yer aldığı bu siyahıya 51-ci kimi düşüb.
Bu çalışdırıcılar 19 ölkəni təmsil edir: Türkiyə -14, Ukraynanı - 8, Gürcüstan, Serbiya – 4, Almaniya – 3, Bosniya və Herseqovina, Rumıniya, Rusiya, İspaniya – 2, Xorvatiya, Uels, Moldova, İtaliya, İngiltərə, Əlcəzair, Çexiya, Makedoniya, Litva. Latviya – 1.
5 legionerin 2 komandada işlədiyini nəzərə alsaq, indiyədək 17 klub gəlmə baş məşqçiyə güvənib: “Xəzər Lənkəran” – 10, “Bakı” - 8, “Qəbələ” – 6, “İnter”, “Simurq”- 4, “Gənclərbirliyi”, “Turan”, “Neftçi”, “Rəvan”, “Standard” - 3, “Muğan”, “Olimpik” – 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Sumqayıt”, “Qarabağ” – 1.
Qeyd edək ki, Qriqorçuka qədər “Qəbələ”də ingiltərəli Toni Adams, türkiyəli Fatih Kavlak, rusiyalı Yuri Syomin, rumıniyalı Dorinel Muntyanu, həmçinin bu vəzifəni icra edən ispaniyalı Luis Araqon da komandaya rəhbərlik edib.
saytlarin hazirlanmasi