2015-ci ilin ilk matçında 6 debüt

16:50 - 2 Fevral 2015

Baş məşqçi və 5 futbolçu üçün...

 

2015-ci ilin ilk rəsmi oyunu "Qəbələ” üçün 6 debütlə əlamətdar olub. 

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqasının XIX turunun "Bakı” ilə səfər oyunu baş məşqçi Roman Qriqorçuk və 5 futbolçu üçün komandada ilk matç kimi tarixə düşüb. 2:0 hesablı qələbə ilə debüt edən ukraynalı mütəxəssis "qırmızı-qaralar”ı rəsmi oyunlara çıxaran 9-cu məşqçi olub. Onadək Ramiz Məmmədov 139, ingiltərəli Toni Adams 47, Faiq Cabbarov 44, rusiyalı Yuri Syomin 42, türkiyəli Fatih Kavlak 27, rumıniyalı Dorinel Muntyanu 16, ispaniyalı Luis Araqon 6, Sənan Qurbanov 3 görüşdə komandanın "sükanı arxasında” olmuşdu. Bu siyahıda 6-cı legioner olan Qriqorçuk "Qəbələ”də ilk ukraynalı çalışdırıcıdır.

 

Start heyətində meydana çıxan Rəşad Sadiqov, ukraynalılar Dmitri Bezotosnı, Aleksey Qay və Ruslan Fomin, qarşılaşmanın sonlarında debüt şansı qazanan belaruslu Mixail Sivakov ilk dəfə "qırmızı-qara” forma geyiblər. Bu matçadək 10 illik tarixində 179 oyunçuya güvənən "Qəbələ”nin futbolçularının ümumi sayı 184-ə çatıb. Rəşad klub tarixində 96-cı yerli oyunçusudursa, əcnəbilərin sayı 88-ə çatıb. Paytaxtdakı görüşədək legionerlər 31 ölkəni təmsil edirdisə, Sivakov klub tarixinə ilk belaruslu kimi düşdü. Artıq 32 ölkənin təmsil olunduğu "qırmızı-qaralar”ın heyətindəki ukraynalıların sayı isə 9-a çatıb: Braziliya – 11, Ukrayna, Gürcüstan – hərəsi 9, Rusiya - 7, Serbiya, Rumıniya – hərəsi 6, Moldova, Hollandiya, Seneqal, Nigeriya – hərəyə 3, Bolqarıstan, Qvineya, Türkiyə, Sloveniya, Polşa, Portuqaliya – hərəsi 2, Argentina, Belarus, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Fil Dişi Sahili, Syerra Leone, Türkmənistan, Yamayka, Şotlandiya, Fransa, İsveçrə, Tacikistan, Slovakiya – hərəsi 1.

"Qəbələ”də ən çox oyun keçirən futbolçular arasında 9-cu olan Ürfan Abbasov yubiley – 80-ci matçını keçirib. 4 mövsümdür "qırmızı-qara” forma geyən müdafiəçi Azərbaycan çempionatlarında 72, ölkə kubokunda 7, Avropa Liqasında 1 qarşılaşmada iştirak edib.
"Qəbələ”nin heyətində 4-cü dəfə penalti zərbəsini dəqiq yerinə yetirən Cavid Hüseynov komandanın heyətində ən çox 11 metrlik zərbə vuran 5 oyunçudan biridir: Kənan Kərimov – 8 (7 dəqiq), Leonardo da Silva – 5 (4), Samir Zərgərov – 5 (3), Cavid Hüseynov, Deon Barton – hər ikisi 4 (4).

Ümumilikdə isə komandamız 48 penaltidən 36-nı qola çevirə bilib.

Klub akademiyasının yetirməsi olan Elvin Camalov yubiley – 20-ci oyununda əsas komandanın formasını geyib. Bu göstəricidə Tərzin Cahangirova çatan yarımmüdafiəçi akademiyanın yetirmələri arasında ən çox "qırmızı-qara” forma geyən Müşfiq Teymurovdan cəmi 1 matç geri qalır.

"Bakı”nın futbolçusu Vüqar Bəybalayev avtoqol müəllifi olub. Bu da "Qəbələ”nin tarixində 9-cü belə hadisədir. Onadək İlqar İbrahimov ("Şərur”), Osman Umarov ("Şahdağ-2”), Röyal Həsənov ("Viləş”), Natiq Qasımov (MOİK), Aleksandr Malıgin ("Simurq”), Alves Dos Santos, Şəhriyar Rəhimov, Laşa Kasiradze (hamısı AZAL) "qırmızı-qaralar”la görüşdə öz qapısına qol vurub.

Xəbər xətti