"Bunun sayəsində bütün qarşılaşmalarda qalib gələ bilərik"
“Dayaq yarımmüdafiəçisi olsam da, hər oyunda qol vurmaq istəyim böyük olur. Akademiyanın yetirməsiyəm və klubda qol hesabımı açmaq istəyirəm. Qol vursam, karyeramın ən gözəl günlərindən biri olacaq. Bunun ad günümdən iki gün sonraya təsadüf etməsi isə ikiqat sevindirici olar".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Elvin Camalov klubun saytına deyib. Sabah 21-ci dəfə “qırmızı-qara” forma geyinmək imkanı olan Camalov akademiyanın yetirmələri arasında əsas komandada ən çox oyun keçirən Müşfiq Teymurovun rekordunu təkrarlaya bilər.
E.Camalov bildirib ki, rekordçulardan biri olmaq onun üçün sevindirici haldır: "Əsas komandada daha çox oyun keçirmək istəyirəm. Təbii ki, rekordçu olmaq sevindiricidir. Amma mən bu rəqəmin daha böyük olmasını istəyirəm. Oynadığım hər qarşılaşmaya məsuliyyətlə yanaşıram. Gənc olduğumdan tapşırıqların üzərində daha çox çalışıb, özümü yaxşı tərəfdən göstərmək istəyirəm”.
20 yaşlı oyunçu AZAL-la görüşdə qalib gəlib, azarkeşlərini növbəti 3 xalla sevindirmək istədiklərini deyib:
“AZAL-la qarşılaşmada isə ilk dəqiqələrdən öz oyun sistemimizi ortaya qoymağa çalışacağıq. Bu qarşılaşma bizim 2015-ci ildə ilk ev oyunumuzdur. Əlimizdən gələni edəcəyik ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirib, qələbə ilə azarkeşlərimizi sevindirək. Cari mövsümdə AZAL-a qalib gələ bilməmişik. İlk dövrədə uduzduğumuz qarşılaşmada “18-liy”ə düşsəm də meydana çıxmamışdım. İkinci dövrədəki oyunu isə 4 sarı vərəqə üzündən buraxmışdım. Bu dəfə onlara qarşı oynamaq imkanı qazansam, komandamın qələbə qazanması üçün bütün bacarığımı ortaya qoyacağam".
Gənc yarımmüdafiəçi qarşılaşmaya bütün oyunlarda olduğu kimi, çox ciddi şəkildə hazırlaşdıqlarını söyləyib:
"Artıq bütün fikrimizi də bu matça yönəltmişik. Rəqibi də təhlil etmişik. AZAL-ın hər oyunçusu, hər mövqeyi üzrə müsbət və mənfi cəhətlərini bilirik. Matça köklənib, xarakter göstərməli və əzmkar oyunla qələbə qazanmalıyıq. Bu görüşdə 3 xal qazanmaq üçün ilk növbədə də köklənmək və xarakter lazımdır. Biz də meydana çıxıb, ən yaxşı oyunumuzu göstərməklə, qalib gəlmək istəyirik. Bunun sayəsində bütün qarşılaşmalarda qalib gələ bilərik”.
Qeyd edək ki, sabah keçiriləcək “Qəbələ” – AZAL matçı saat 14:00-da başlayacaq.
saytlarin hazirlanmasi