"7-8 dəfə, bəlkə də çox bombardir olmuşam"
Aşağı yaş qruplarından ibarət komandalar arasında Azərbaycan çempionatında “Qəbələ”nin hegemonluğu davam edir. Yeniyetmə futbolçular müvafiq yaş qruplarında çempionluğa layiq görülür, ən pis halda gümüş və bürünc medallar qazanırlar. Uğurlu çıxış həm də çoxlu qol anlamına gəlir. Bu qələbələr sayəsində “Qəbələ”də, obrazlı desək, “bombardirlər ordusu” yetişir. Müxtəlif çempionatlarda ən çox qol vuran futbolçuların siyahısında “qırmızı-qaralar” xüsusi fərqlənir.
Sportal.az xəbər verir ki, "Qəbələ İK" klubunun qəzeti bu dəfə daha bir bombardir - Kamran Quliyevin fikirlərinə yer verib.
Azərbaycan yığmasının sabiq üzvü Rüfət Quliyevin oğlu Kamran U-15 Liqasının bombardiridi. “Qəbələ”nin kapitanı şərəfini qoruduğu komandanın aktivindəki qolların tən yarısının müəllifdi: 19 qol!
Kamran Azərbaycan çempionatlarında, müxtəlif turnirlərdə o qədər bombardir olub ki, sayını-hesabını itirib: “7-8 dəfə, bəlkə də çox bombardir olmuşam. Bir mövsüm ərzində vurduğum qolların maksimal sayı isə 55-ə çatır”.
Atasından futbola dair məsləhətlər alan Quliyev hər çempionatda bombardir olmağı qarşısına məqsəd qoyub: “Özümə güvənirəm. Hər il çempionatın startında qarşıma məqsəd qoyuram ki, hamıdan çox qol vuracağam. Bombardir olmağımın sirrini komandamın və məşqçilər heyətinin güclü dəstəyi ilə əlaqələndirərdim”.
Maraqlıdı, görəsən, rəqib qapıçılarını Kamran cari mövsümdə neçə dəfə məyus edəcək? O, öz rekordunu qıra biləcəkmi: “Hazırda 19 qolum var. Qarşıdakı oyunlarda qolların sayını artırmaq fikrindəyəm. Dəqiq rəqəm söyləyə bilmərəm. Komandamızın hazırkı durumu çox yüksək səviyyədədi. Bu gedişlə çempion ola bilərik".
saytlarin hazirlanmasi