"Qəbələ" turnirin qalibi oldu

17:20 - 12 Fevral 2015

Komanda finalda "İnter"i məğlub etdi
 
Bu gün AFFA-nın təşkil etdiyi "Bakcell U-14 Elit Kuboku"na yekun vurulub. 
 
Sportal.az "Qəbələ" klubunun rəsmi saytına istinadən xəbər verir ki, 16 komandanın mübarizə apardığı turnirin son günündə həlledici qarşılaşmalar keçirilib. 
 
Fəxri mükafat uğrunda final matçında “Qəbələ” “İnter”lə üz-üzə gəlib. Bayıl stadionunda baş tutan matçadək keçirdiyi 5 görüşün hamısında qalib gələn “qırmızı-qaralar” 23 qol vurub, cəmi 2 top buraxmışdı. Yarışa B qrupunda başlayan Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda Mərkəz Elit Yığmasını 6:0, “Qarabağ”ı 8:0, Şimal-Qərb Elit Yığmasını 3:1 hesabı ilə məğlub edərək, 1/4 finala 1-ci yerin sahibi kimi yüksəlib. Ardınca “Xəzər Lənkəran”ı 3:1 hesabı ilə məğlub edən “Qəbələ” yarımfinalda “Neftçi”ni mübarizədən kənarlaşdırıb - 3:0.
 
Turnir boyu məhsuldar oyunu ilə seçilən “Qəbələ” “İnter”lə oyuna sürətlə başlayıb. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən “qırmızı-qaralar” artıq 4-cü dəqiqədə hesabı açıb. Samir Qurbanov bakılıların qapısına yol tapıb – 1:0. Gənc istedad 15-ci dəqiqədə növbəti qolunu vuraraq, dublunu rəsmiləşdirib – 2:0.
 
Hər hissəsi 30 dəqiqə davam edən qarşılaşmanın ikinci yarısında da oyunu diqtə edən “Qəbələ” olub. Bunu nəticəsində də “qırmızı-qaralar” görüşün sonlarında daha bir qol vurub. Matçın 56-cı dəqiqəsində Məhəmməd Məhərrəmov fərqlənib – 3:0.
 
Turnirdə 4-cü böyükhesablı qələbəsini qazanan "Qəbələ" bununla da AFFA-nın təşkil etdiyi “Bakcell U-14 Elit Kuboku”nun qalibi adına yiyələnib. Qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov və “İnter”in prezidenti Georgi Nikolov da iştirak ediblər. Yığmamızın xorvatiyalı çalışdırıcısının təqdim etdiyi “Bakcell U-14 Elit Kuboku”nu başı üzərinə qaldıran "Qəbələ"nin U-14 komandasının üzvləri fərdi mükafatlarla da təltif olunub. G.Nikolov turnirin ən yaxşı futbolçusu seçilən İdris İnqilablıya, F.Nəcəfov isə finalda dubl müəllifi olan Samir Qurbanova yarışın ən sərrast oyunçusu mükafatını təqdim edib.

Xəbər xətti