"Əsas tilsimi qırmaq idi ki, bunu bacarıb, uğursuzluq zolağından çıxdıq"
“Xəzər Lənkəran”la oyun bizim üçün çox böyük əhəmiyyət daşıyırdı. Bunadək ardıcıl üç matçda xal qazanmadığımızdan bu dəfə qalib gəlməli idik. Biz də meydana çıxıb, canımızı qoyduq, bütün bacarığımızı nümayiş etdirib, əzmkar qələbə qazandıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Ürfan Abbasov Azərbaycan Premyer Liqasının 23-cü turunda "Xəzər Lənkəran"a qalib gəldikləri matçdan (3:1) sonra klubun saytına deyib.
O bildirib ki, bu qələbə növbəti oyunlarda qazanacaqları uğurlara təkan olmalıdır:
"Növbəti qarşılaşmalara da yalnız 3 xal üçün çıxacağıq. Əsas tilsimi qırmaq idi ki, bunu bacarıb, uğursuzluq zolağından çıxdıq. Qarşıdakı görüşlərə daha yaxşı hazırlaşıb, bunun davamını gətirəcəyik”.
“Qəbələ”də ən çox oyun keçirən 10 futbolçudan biri olan Abbasov 83-cü matçında 2-ci qolunu vurub. Ötən mövsüm “Rəvan”la XXXI turun səfər qarşılaşmasında qola imza atan müdafiəçi ilk dəfə doğma meydanda fərqlənib.
“Düzdür, “Xəzər Lənkəran”la qarşılaşmada qol vurdum. Amma əsas komandamın qələbəsi idi. Buna da nail olduq. Açığı, hücumlara qoşulsam da, qol vuracağımı gözləmirdim. Çox sevinirəm ki, bunu bacardım və “Qəbələ”nin qələbəsində rolum oldu. Komandamın heyətində ilk dəfə ev oyununda qol vurdum. Fərqləndikdən sonra da sevincimi məhz azarkeşlərimizlə bölüşdüm. Doğma meydanda fərqlənmək, sevincini azarkeşlərlə bölüşmək çox gözəl, inanılmaz hissdir”
saytlarin hazirlanmasi