"Ümidimi itirmirəm"
"Qəbələ" “Xəzər Lənkəran”la oyunda qələbə qazansa da, yarımmüdafiəçi Rəsad Sadiqov üçün ugursuz oldu.
Sportal.az xəbər verir ki, matçın 82-ci dəqiqəsində meydana daxil olan futbolçu, vur-tut, 2 dəqiqə sonra əvəzləndi. Rəsad topa ilk toxunuşundan sonra zədələnərək meydanı xərəkdə tərk etməli oldu.
Sadiqov həmin epizodu belə xatırlayır: “Topa toxunmazdan qabaq çevrilərkən ayağım burxuldu, çox bərk ağrı hiss etdim. Elə bil, məni cərəyan vurdu. Elə alındı ki, oyuna dərhal girə bilmədim. Oyuna girməyə hazırlaşdığım vaxtda komandamız hesabda irəli çıxdı. İsinmə hərəkətlərindən sonra qısa müddət ehtiyat oyunçular skamyasında oturmalı oldum. Ola bilər ki, bunun da təsiri oldu. Müayinə əzələ dartılmasını təsdiqlədi. Şükür, qopma və ya başqa formada ciddi xəsarət olmadı. Açığı, karyeramda ciddi zədədən, hətta əzələ dartılmasından əziyyət çəkməmişəm.Təxminən, birhəftəlik müalicədən sonra məşqlərə başlaya biləcəyəm”.
Zədə Sadiqovu təkcə “Qəbələ”nin, ən azı, qarşıdakı 1 oyunundan yox, millimizin Antalya toplanışından da kənarda qoyub: “Təbii ki, millidən kənarda qaldığıma görə də çox üzüldüm. Yeni baş məşqçi Robert Prosineçki ilk dəfədir millini bir araya gətirdi və uzun fasilədən sonra mənə dəvət gəldi. Toplanışdan kənarda qalmaq istər-istəməz mənə pis təsir edib. Amma ümidimi itirmirəm. Çalışacağam zədəmi sağaltdıqdan sonra oyunumla yenidən Prosineçkinin diqqətini çəkim”.
Onu da qeyd edək ki, müdafiəçi Ruslan Əmircanov da zədəsinin müalicəsiylə məşğuldur. Qış fasiləsindən sonra “Bakı”yla matçda 90 dəqiqə meydanda olan futbolçu dizindəki ağrılara görə bir müddət oyunlardan kənarda qaldı. Əmircanov əməliyyatdan sonra təkrar müayinə üçün İstanbula “Acıbadem” klinikasına yollanıb. Ruslanla Rəşadın "Simurq"la kubok oyununadək hazır olacaqlarına ümid var.
"Qəbələ" İK qəzeti
saytlarin hazirlanmasi