"Mənə uyğunlaşmaq üçün vaxt lazım olacaq"
"Qəbələ" bu il 6-cı transferini həyata keçirib. Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”qıs fasiləsində transfer etdiyi Rəsad Sadiqov, ukraynalılar - Dmitri Bezotosnı, Aleksey Qay, Ruslan Fomin və belaruslu Mixail Sivakovun ardınca braziliyalı Rikardo Ferreyra da Silvanı heyətinə cəlb edib. 31 yaslı sol cinah müdafiəçisi ilə 5 aylıq müqavilə imzalanıb.
Rikardinyo kimi tanınan legioner futbolda ilk addımlarını yetirməsi olduğu “Koritiba” klubunda atıb. 2009-cu ildən legioner həyatı yaşayan Rikardo İsveçin ən köklü klublarından olan “Malmö”də oynayıb. O, ötən ilin oktyabrında bu ölkənin vətəndaşlığını da alıb. Ferreyra da Silva son 2 mövsümü çempion kimi başa vurub. Ümumiyyətlə, onun mükafat kolleksiyasında yalnız titulların olması diqqət çəkir. Bunların sayı isə 7-dir. Avrokuboklarda böyük təcrübəsi olan Rikardo “Malmö” heyətində Çempionlar Liqasının cari mövsümündə qrup mərhələsində oynayıb. O, qitəmiqyaslı turnirlərdə 23, İsveç klubunda isə ümumilikdə, 200 oyun keçirib.
“Agentim həm də Reynaldo Silvanın agentidir”
Rikardo hələ İsveçdə oynadığı dövrdə bir yerli agentin “Qəbələ”nin onunla maraqlandığını deyib: “Ancaq həmin vaxt qəti qərara gəlmədiyimdən keçid baş tutmadı. Sonra braziliyalı agent vasitəsilə mənə yenə təklif göndərildi. Həmyerlimdən “Qəbələ” haqda ətraflı bilgi aldım. O, indiki klubum barədə mənə xoş sözlər dedi və Azərbaycanda çıxış etməyin hərtərəfli yaxşı olacağını bildirdi. Razılaşdım və buraya gəldim. Agentim həm də “Qarabağ”ın şərəfi ni qoruyan həmyerlim Reynaldo Silvanın agentidir. O, mənə Azərbaycan haqda çox yaxşı fikirlər söyləmişdi”.
Legionerin sözlərinə görə, “Qəbələ” barədə eşitdikləri ilə gördükləri bir-birinə tam uyğun gəlib: “Burada ürəkaçan infrastruktur mövcuddur. Çoxlu təbii ot örtüklü meydançaların olması diqqət çəkir. Daha iki meydança hazırlanır. Qəbələ şəhəri bir az böyük olsaydı, lap gözəl olardı. Malmö İsveçin ərazisinə görə 3-cü böyük şəhəridir, 300 mindən çox əhalisi var. Ancaq belə şeylər mənim üçün önəmli deyil. Vacib olan komandadakı atmosfer, heyət və şəraitdir. İşimlə bağlı hər şeyin yaxşı olmasına əhəmiyyət verirəm”.
Rafael Santosu Braziliyadan tanıyırmış
Ferreyra da Silva komandadakı yerlilərindən Rafael Santosu hələ “Atletiko Paranaense”də çıxış etdiyi vaxtdan tanıyırmış. Bir-birinə qarşı oynamasalar da, qiyabi tanışlıqları olub. Yeni transferimizin çempionat matçları ilə bağlı ilk təəssüratları belədir: “Komanda yoldaşlarımın hər biri yaxşı bacarığa malikdir. Burda olduğum müddətdə “Qəbələ”nin iki matçını izləmək imkanım oldu. Hər mövqedə çıxış edən futbolçularımız sürətli oyun nümayiş etdirirlər. İzlədiyim “Neftçi” – “Qarabağ” matçında da sürətli və baxımlı futbolun şahidi oldum. Azərbaycan çempionatında uzun ötürmələrdən çox istifadə olunması diqqətimi çəkdi”.
Rikardinyo komandasına kömək etməyə özünü hazır sayır. Çempionatda yaranan qısa fasilədən maksimum istifadə etməyə çalışan futbolçu əksər mövqelərdə oynaya biləcəyini deyir: “Oynadığım halda meydanda 100 faizdən artıq gücümü qoyacağıma əmin olun. “Malmö”də 3 oyunda sol cinah yarımmüdafi əçisi kimi çıxış etmişəm. Bu, əsl mövqeyim deyil. Ancaq lazım olsa, oynayaram. Mənə uyğunlaşmaq üçün vaxt lazım olacaq. Əvvəlki komandamda zədəli futbolçuların sayı çox olduğuna görə hətta sağ, mərkəz müdafiəçisi və dayaq yarımmüdafi əçisi mövqelərində də çıxış etmişəm. Ancaq bunların heç biri mənə sol cinah müdafiəçisi kimi rahat deyil”.
“Azərbaycanda öyrəndiklərim gələcəkdə mənə lazım ola bilər”
“Qəbələ”nin son qələbəsində vurulan 3 qoldan ikisinin müəllifləri sol cinah oyunçuları – müdafiəçi Ürfan Abbasovla nigeriyalı yarımmüdafiəçi Ekiqo Ehiosun olub. Braziliyalı futbolçu rəqabət aparacağı həmkarlarının fərqlənməsinə sevinib: “Vacib olan komandamızın qalib gəlməsidir. Ola bilər ki, ehtiyatda qalım, ancaq komandam qələbə qazansın. Mənə şans verilsə, qalib gəlməyimiz üçün bütün gücümlə çalışacağam”.
Rikardonun fikrincə, “Qəbələ”də olmağın karyerasında böyük əhəmiyyəti var: “Azərbaycan fərqli futbol mədəniyyəti olan ölkədir. Bu, mənim üçün çox maraqlıdır. Çünki həmişə yeniliklərlə tanış olmağı, öyrənməyi xoşlamışam. Azərbaycanda öyrəndiklərim gələcəkdə mənə lazım ola bilər. Əminəm ki, karyeramda “Qəbələ”nin öz yeri olacaq”.
"Qəbələ" İK qəzeti
saytlarin hazirlanmasi