Ağdam təmsilçisi 6 oyundan sonra məğlub oldu
“Qarabağ”ın ev qarşılaşmalarındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
Sportal.az xəbər verir ki, 2014-cü il fevralın 1-də “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzandan sonra Ağdam təmsilçisi ardıcıl 18 ev matçında xal qazanmışdı. Uğurlu seriya Premyer Liqanın XXIV turunun “Qəbələ” ilə oyunundakı 0:1 hesablı məğlubiyyətlə qırılıb. Bu müddətdə 13 qələbə qazanıb, 5 heç-heçə edən Qurban Qurbanovun yetirmələri 392 gündən sonra öz meydanında xalsız qalıb. Bu da klub tarixində 3-cü göstəricinin təkrarıdır. 1992-93-cü illərdə 33, 1997-98-ci illərdə 23 ardıcıl ev oyununda uduzmayan ağdamlılar 2009-10-cu illərdə indiki kimi 18 matçlıq seriyaya imza artmışdı.
Qeyd edək ki, “Qarabağ”ın 6 oyunluq qələbə seriyası da qırılıb. 2014-cü il dekabrın 14-də səfərdə “Qəbələ”yə 1:2 hesabı ilə uduzan ağdamlılar 75 gün ərzində keçirdiyi 6 çempionat matçının hamısında qalib gəlmişdi. Son çempionun seriyasını qıran “Qəbələ” Premyer Liqada yubiley – 100-cü qələbəsini qazanıb. Əyalət təmsilçisi çempionatda 100 və daha çox qələbə qazanan 11-ci komanda olub. Qəbələnin eyniadlı klubunadək “Neftçi” (385), “Qarabağ” (343), “Turan” (250), “Kəpəz” (239), “Bakı” (216), “İnter” (214), “Xəzər Lənkəran” (155), “Şəmkir” (132), “Viləş” (119), AZAL (109) 100-ü arxada qoyub.
saytlarin hazirlanmasi