"Bizim üçün standart vəziyyətlər hər zaman çətin olub"

01:30 - 13 Aprel 2015

Təbriz Həsənov komandasının oyununu dəyərləndirdi
 
“Gərgin oyun keçdi. Hər iki komanda bütün gücü ilə meydanda mübarizə apardı”. 
 
Sportal.az Futbolxeber.az saytına istinadən xəbər verir ki, bu sözləri 16 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov deyib.
 
UEFA-nın İnkişaf turniri çərçivəsində Gürcüstanı 2:1 hesabı ilə məğlub etdikləri oyun haqda danışan Həsənov, layiqli qələbə qazandıqlarını vurğulayıb: “Yaxşı oyun nümayiş etdirdik. Qələbəyə layiq idik. Uşaqlar rəqibdən daha yaxşı oynadılar. Gürcüstan millisi fiziki cəhətdən güclü olsa da, istəyimizə çatdıq”.
 
“Ardıcıl 2 gün meydana çıxmaq komanda üçün çətin olmadı ki” sualını millimizin çalışdırıcısı belə cavablandırıb: “Bəli, bu məqam problem yaradır. Lakin təqvim bizdən asılı olan məsələ deyil. Reqlamenti UEFA seçib. Biz də çalışdıq ki, uşaqları dünənki oyundan sonra tam bərpa edək”.
 
Gürcüstan yığması qapımıza qolu standart vəziyyətdən sonra vurub. Həsənov rəqibin bu baxımdan çətinlik yaratdığını gizlətməyib: “Bizim üçün standart vəziyyətlər hər zaman çətin olub. Biz onların oyunlarını təhlil etmişdik. Bilirdik ki, duran toplarda güclüdürlər. Bunun üçün də qapıçı və müdafiəçilərə diqqətli olmalarını tapşırmışdıq”.

Xəbər xətti