Növbəti mərhələyə keçsələr 200 min avro
UEFA Avropa Liqasında (ÇL) klubların 2015/16 mövsümü üçün qazanacaqları məbləğ açıqlanıb.
Sportal.az xəbər verir ki, qitə futbol qurumu ikinci dərəcəli turnirə 381 milyon avro büdcə ayırıb.
Bu 381 milyon avronun 228,6 milyonu klubların sabit qazancı, 152,4 milyonu isə marketinq gəlirləri üçün ayrılıb.
Hazırda Azərbaycanı Avropa Liqasında təmsil edən “İnter”, “Qəbələ” və “Neftçi” I təsnifat mərhələsinin ilk oyunlarını artıq keçiriblər. Adıçəkilən komandalarımız növbəti mərhələyə adlaya bilsələr, 200 min avro qazanacaqlar. Pley-offa qədər gedəcək komanda daha 430 min avro büdcəsinə əlavə edəcək. Bunun 210 mini ikinci mərhələni, 220 mini isə üçüncü mərhələni keçdiyi üçün...
Bunları bacaran komanda pley-offda mübarizəni dayandırsa belə, UEFA-dan daha 230 min avro alacaq. Çempionlar Liqasından fərqli olaraq, Avropa Liqasında qrupa vəsiqə əldə edənlər seçmə mərhələdəki qazanclarından məhrum olmayacaqlar.
Qrupa yüksələcək 48 klubun hər biri 2,4 milyon avro alacaqlar. Qrup oyunlarında isə qələbə və heç-heçələrə görə də əlavə bonuslar veriləcək.
Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” Monteneqro klubu “Rudar”a qalib gəldikdən sonra III təsnifat mərhələsində mübarizəni dayandırsa, Avroliqanın pley-offunda iştirak etmək hüququ əldə edəcək. Orda isə məğlub olsa belə, ağdamlılar əlavə 230 min avro qazanc götürəcəklər. Yox, əgər “Qarabağ” ÇL-də 2 mərhələ keçib pley-offda məğlub olsa, o zaman AL-in qrupuna vəsiqə əldə edəcək ki, buna görə də 2,4 milyon avro qazanacaq.
Avropa Liqasında klubların mərhələlərə görə qazancları belə olacaq:
Qrup mərhələsinin 48 iştirakçısı – 2,4 milyon (hər qələbəyə əlavə 360 min, heç-heçəyə görə 120 min avro. Həmçinin qrup qaliblərinə 500 min, ikincilərinə isə 250 min avro)
1/16 final mərhələsinə vəsiqə qazananlar – 500 min
1/8 final mərhələsinə vəsiqə qazananlar – 750 min
1/4 final mərhələsinə vəsiqə qazananlar – 1 milyon
Yarımfinala vəsiqə qazananlar – 1,5 milyon
Finalçı – 3,5 milyon
Çempion – 6,5 milyon
Apasport
saytlarin hazirlanmasi