"Hər şey bizim özümüzdən asılı olacaq"
"Çox şadam və şərəf duyuram ki, Azərbaycan nümayəndə heyəti ilə birgə dünya çempionatının seçmə mərhələsinin püşkatmasında iştirak etdim. Püşkatma möhtəşəm keçdi".
Sportal.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssis DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin düşdüyü C qrupunu dəyərləndirib: "Çox fikirlər səslənir ki, qrupumuz sərfəli və ya qeyri-münasibdir. Amma indi futbolda zəif rəqib yoxdur. Hər bir rəqibə qarşı ciddi hazırlaşaraq oynamaq və müsbət nəticə əldə etmək lazımdır. Məncə, qrupumuzda ortabab komandaların sayı çoxdur. Bu qrupda hər şey bizim özümüzdən asılı olacaq. Almaniyanı aşkar favorit, San Marinonu aşkar autsayder kimi görürük. Amma hər bir rəqibə qarşı ciddi hazırlaşmaq lazımdır. Bir sözlə, uğurlu nəticədən ötrü güclü yığma formalaşdırılmalı və bu komanda əlindən gələni etməyə hazır olmalıdır".
Sadıqovun sözlərinə görə, hazırda əsas məqsəd 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdan ibarət olmalıdır. O bildirib ki, baş məşqçi Robert Prosineçki də bunu gözəl başa düşür: "Milli komandanı formalaşdıran şəxs baş məşqçidir. Prosineçki əsas vəzifəmizin nədən ibarət olduğunu bizdən qat-qat yaxşı bilir. Təcrübəm onu göstərir ki, ən yaxşı, ən güclü futbolçular milliyə dəvət almalı və onlar yüksək nəticə üçün əllərindən gələni etməlidirlər. Bununla yanaşı, bir şeyi də anlamalıyıq ki, ən böyük vəzifəmiz 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə olmalıdır. Cari seçmə tsikldə inamlı çıxışla optimal heyət, optimal oyun modeli və optimal nəticələr əldə edə, psixoloji cəhətdən gələcəyə ümidlə baxa bilərik. Məncə, ən vacibi budur. Bundan öncə də bildirmişəm ki, rəqibdən asılı olmayaraq, öz yığmamız güclü olmalı, inamlı təsir bağışlamalıdır. Bu komandanın qarşısında isə ən böyük vəzifə və məqsədlər qoyulmalıdır".
Sədr Azərbaycan millisinin yer aldığı qrupun AFFA Məşqçilər Komitəsinin bugünkü iclasında da müzakirə olunacağını əlavə edib.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino ilə eyni qrupa düşüb.
saytlarin hazirlanmasi