Mahir Rüstəmli Cavid Hüseynov müraciətinə aydınlıq gətirdi

15:36 - 18 Avqust 2015

"Qoşulduğum müraciətin bu şəkildə olan ana tezisinə sadiqəm"
 
Jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən "Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun zaminliyə buraxılması ilə bağlı bir qrup media təmsilçisi  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət edib. İdman mediasından yalnız "Futbol+” qəzeti bu müraciətə qatılıb.
 
Sprotal.az xəbər verir ki, qəzetin baş redaktoru Mahir Rüstəmli "facebook" hesabında bu müraciətə nə səbəbə qoşulduğuna aydınlıq gətirib:
 
"Bu gün bəzi saytların rəhbərlərinin və qəzetlərin baş redaktorlarının Prezident İlham Əliyevə ünvanladığı müraciətdə mənim adımın olması çoxlu suallar doğurub ki, burda status yazmağın hər kəsə ayrı-ayrılıqda cavab verməkdən daha yaxşı variant olduğunu düşünürəm. 
 
1. Jurnalist fikir bildirdiyinə görə heç bir halda fiziki təzyiqə məruz qalmamalı, öldürülməməlidi! - avqustun 9-da idman jurnalistləri adından yayılan və qoşulduğum müraciətin bu şəkildə olan ana tezisinə sadiqəm.
 
2. Mənə 1994-cü ildən tanıdığım, BDU-da eyni vaxtda təhsil aldığımız Nəsimi Şərəfxanlı müraciət edib, telefonda mətni oxuyub və adımın yazılmasına razılıq vermişəm. Düzdü, müraciətdə mədhiyyə hissəsi çoxdu və o məqamlarla heç də razı deyiləm.
 
3. Bir çox dostların fikrincə, müraciətdə "reket" jurnalistikasıl ilə məşğul olanların da adı var. Doğrudan da, belədisə, məsuliyyət müraciəti hazırlayanların üzərindədi. Mən uzaqbaşı idman jurnalistikasında "reketliklə" məşğul olanların adını bilirəm. Saytların, ictimai-siyasi xarakterli qəzetlərin "anatomiyası" haqda mühakimə yürütməkdə isə çətinlik çəkirəm. 
 
4. Zaminə buraxılmaq adamı məsuliyyətdən azad etmir. Cavidin üzərində iki maddə var, üstəlik, istintaq cinayətin futbolçunun təhriki ilə törədilməsi fərziyəsini araşdırır. Cavid ictimai əhəmiyyətli fiqurdu, zaminə (ev dustaqlığına) buraxılsa da, istintaqdan yayına, harasa qaça bilməz. Qəti şəkildə əminəm ki, həmkarımızın ölümündə hansısa şəkildə iştirak edibsə, layiq olduğu cəzanı alacaq. Və Prezident zaminə buraxmağa razılıq versə belə, heç şübhəsiz, istintaqın bu yöndə mülahizələrini öyrənəcək".

Xəbər xətti