Xalq komandasını xalqdan uzaqlaşdırmayın!
Cavid Hüseynovla jurnalist Rasim Əliyev arasında baş verən hadisələr, jurnalistin ölümü artıq bir neçə gündür ki, ölkə gündəmini zəbt edib. Hadisəyə hərə bir tərəfdən yanaşır. Cavidi günahlandıranlar da var, günahı Rasim Əliyevdə görənlər də. Ancaq yazının mövzusu bu deyil.
Məsələ burasındadır ki, bütün ölkəni sarsıdan həmin hadisədən heç 10 gün keçməmiş başqa bir futbolçu öz “qəhrəmanlığı” ilə diqqətləri üzərinə çəkdi. Söhbət “Neftçi”nin kapitanı Araz Abdullayevin “İnter”ə məğlubiyyətdən sonra azarkeşlə yumruq davasına çıxmasından gedir. Həmin azarkeş nə istəyirdi? Onun yeganə istəyi sevgisini verdiyi komandanın oyunçularından geydiyi formanın haqqını verməsi, meydanda əzmkar mübarizə aparmaları idi. Amma haqq etmədikləri pulları qazanan futbolçular işini-gücünü atıb, bəlkə də cibindəki sonuncu pulunu avtobusa verib onları dəstəkləməyə gələn azarkeşi anlamaq üçün yetərli təfəkkürə sahib deyillər. Ona görə də, azarkeşin iradlarını qəbul etmək əvəzinə, “Neftçi”nin futbolçuları həmin fanatın üzərinə gedərək onu döyməyə çalışıblar. Baş rolda isə Araz Abdullayev. Utancverici mənəzərəydi. Oyunda heç nə ilə yadda qalmayan futbolçu hirsini gənc azarkeşdən çıxır. Ayıbdır, ayıb...
Araz Abdullayev kimdir? Gənc yaşlarında istedadı ilə hər kəsin rəğbətini qazanan, “Everton” kimi kluba transfer olunan bir futbolçu. Ancaq nə oldu? Azərbaycanı Avropa futbolunda təmsil etmək fürsəti əldə eləyən ən istedadlı futbolçumuz yolunu elə azdı ki, günlərin bir günü “avtoş”luq edərək bir qadının ölümünə səbəb oldu. Düzdü, ona gözün üstə qaşın var deyən olmadı. Bu gün qanun şah olmasa da, Allahın hüzuruna heç kim şah kimi getmir. Və bu qətlin sorğu-sualını Araz bir gün mütləq verəcək...
Son hadisə onu göstərir ki, hətta bir ölümlə nəticələnən səhvi Araz üçün dərs olmayıb. Onu artıq çətin nə isə və ya kimsə düzəldər!
Araz bu gün “Neftçi”nin kapitanıdır. Kapitansa komandada hər kəsə nümunə olmalıdır. Həm oyunu, həm davranışı ilə. Biz Arazı heç vaxt nümunəvi futbolçu, əsl kapitan kimi görməmişik. Vəziyyət o yerə çatıb ki, onun hərəkətlərindən ruhlanan gənc oyunçu Rahil Məmmədov da artıq “qəhrəmanlıq” etmək qərarına gəlib Azarkeşə əl qaldıranlardan biri məhz Rahil idi. Bu da cəzasızlığın nəticəsidi. “Neftçi” rəhbərliyi nə vaxta qədər Arazları müdafiə edəcək, onları cəzalandırmayacaq, bu cür hallar davam edəcək.
“Neftçi” Azərbaycanın ən köklü komandasıdır. Bu komandada oynamaq böyük məsuliyyət tələb edir. Bunu hər bir futbolçu anlamalıdır. Anlamayanlara məcburi başa salınmalıdır. Hər kəs məsuliyyətini dərk etməlidir. Əgər o formanı geyirsənsə, haqqını verməlisən, buna məcbursan. Bacarmırsansa, çıx get komandadan. Ürəyi “Neftçi” sevgisi ilə alışıb-yanan azarkeşlərin hissləri ilə oynama. İstəmərəm ki, 80 illik tarixi olan bir klubda bu cür davranışını bilməyən futbolçular oynasın. Belə hallar heç vaxt nə kluba, nə də futbolumuza baş ucalığı gətirməz.
“İnter”lə oyundan sonra futbolçular tərəfindən döyülən həmin azarkeşə məhkəmə qərarı ilə 5 sutka həbs cəzası verildi. Bu artıq rəzalətdir. Döyən qalıb bir kənarda, döyülən həbs edilir. Amma nə Araz, nə də Rahil haqqında hələlik heç bir intizam cəzası görülməyib. Cəzasızlıq hər zaman özbaşınalığa səbəb olur və bundan sonra da belə olacaq. Hər kəs layiq olduğu yerdə olmalıdır.
“Neftçi” məlum olayla bağlı bəyanat yaydı. Düzü rəhbərliyin azarkeşə sahib çıxacağını düşünürdüm. Amma, bu dəfə də bizi yanıltdılar. Meydana daxil olan şəxsin “Neftçi” azarkeşi olmadığı, başqa sektordan olduğu bildirildi. Bu artıq azarkeşlərə qarşı hörmətsizlikdir. Bu gün “Neftçi” xalq komandası deyil. Futboldan anlamayan, idarəçilik qabiliyyəti olmayan bir “şura hökuməti” tərəfindən yönəldilən bir qurumdur. Bütün bunlar fanatları komandadan uzaqlaşdırır. Bir də ayılıb görəcəklər ki, stadiona heç kəs gəlmir, futbolçular boş tribunalar önündə oynayır.
Xalq komandasını xalqdan uzaqlaşdırmayın! “Neftçi” dəyərdir, bu dəyəri sevin, qoruyun!
Elçin Əli Xan
saytlarin hazirlanmasi