"Qəbələ" üçün heç nə bitməyib, "Qarabağ"ı siyahıdan silməyə tələsiblər

10:57 - 21 Avqust 2015

İki klubumuz Avroliqanın qrup mərhələsində?

 

Hələ ötən mövsüm Avroliqanın qrup mərhələsində iki komanda ilə mübarizə apara bilərdik, ancaq alınmadı. Bu dəfə də, “təmas xəttinə” iki təmsilçiylə yaxınlaşmışıq. Və ilk oyunlardan sonra həm “Qəbələ”, həm də “Qarabağ”ın qrupda oynayacağına ümid böyükdür.

 

Yunanıstanda çox çətin olacaq. Roman Qriqorçuk bunu hamıdan yaxşı anlayır. Ağır səfərə müəyyən üstünlüklə yollanmaq lazımıydı. Ancaq “Qəbələ” 90 dəqiqə ərzində “Panatinaikos”un qapısına yol tapa bilmədi. Yaxşı ki, Qriqorçukun komandası qol buraxmadı. 0:0-lıq hesab faciə deyil və səfərdə “Qəbələ”nin vuracağı bir qol çox şeyi dəyişə bilər. “Qəbələ” isə qol vurmağı bacarır. Bu komandanın rəqib qapıları önündə təhlükəli epizodlar yaratmaq baxımından heç vaxt sıxıntısı olmayıb. Belədə isə ruslar demişkən, “momentlər” olsun, qollar gələcək. Dinamik oyunuyla buralara qədər gəlib çıxan “Qəbələ”nin çətin səfərdən sərfəli nəticəylə qayıtmaq perspektivi heç də az deyil. Bu fürsəti əldən vermək olmaz!

 

“Qarabağ”a gəlincə, Qurban Qurbanovun komandası İsveçrədə sanki ölüm-dirim mübarizəsinə çıxmışdı. Sanki hamıya göstərmək istəyirdilər ki, bəziləri “Qarabağ”ı siyahıdan silməyə çox tələsib. “Qarabağ” olub, var və olacaq da!

 

“Yanq Boyz”la oyunun başlanğıcı asan olmasa da, xüsusilə ikinci hissədə “Qarabağ” rəqibə öz futbolunu diqtə eləməyə başladı. Reynaldonun başgicəlləndirici fintləri, Əl Harbinin hiperaktivliyi, Qara Qarayev-Almeyda ikilisinin ortaya qoyduğu oyun göz oxşayırdı. Bu oyuna adını böyük hərflərlə yazdıran daha bir adam İlqar Qurbanov oldu. Və yalnız bu oyuna deyil. “Seltik”lə matçlarda da İlqar meydanda ən yaxşılardan idi. Məncə, Robert Prosineçki ona mütləq diqqət yetirsin. Qurbanov indiki durumda milli üçün çox xeyirli ola bilər. Onun bacarığından yararlanmaq lazımdır.

 

Riçard Almeydanın mükəmməl qolu bizlərə səfər qələbəsinin sevincini yaşatdı. Ancaq necə olursa-olsun, “Qarabağ” rahatlaşmalı deyil. Ot örtüyü pis vəziyyətdə olan Mərkəzi Arenada “Yanq Boyz”la oynamaq heç də asan olmayacaq. Daha çox hava ötürmələrinə üstünlük verən, ikinci mərtəbədə yaxşı oynayan fubolçulara malik “Yanq Boyz” Bakıda amansız mücadilə aparacaq. Bizim üçün əlverişli məqam o ola bilər ki, rəqib irəli atıldıqca, boşluqlar verəcək. Ancaq topla oynamağa alışan “Qarabağ” üçün bərbad ot örtüyündə oynamaq, səliqəli hücumlar qurmaq problem ola bilər...

 

“Qarabağ” ardıcıl ikinci il Avroliqanın qrup mərhələsində oynasa, artıq adından ciddi-ciddi söz etdirmiş olacaq. Qrup mərhələsində təmsil olunmaq vacibdir. Bu, Azərbaycan futbolu üçün Avropaya açılan pəncərədi, onu həmişə açıq saxlamaq lazımdır. İlk dəfədir ki, ölkəmiz UEFA-nın klublar reytinqində 26-cı pilləyə yüksəlib.  “Qarabağ”la, “Qəbələ”nin uğurlu çıxışı sayəsində Bolqarıstan, Sloveniya və Serbiyanı da geridə qoya bildik. Davamı gəlsin. İki Azərbaycan klubunu qrup mərhələsində görmək yalnız reytinq deyil, həm də qürurdu!

 

Emin ABBASOV 

Xəbər xətti