Millimizə dəvət alan "Kəpəz"in futbolçusu: "Hədəflərimdən biri də..."

17:05 - 27 Avqust 2015

"Yığmaya çağırılacağımı gözləyirdim"

 

“Kəpəz” PFK-nın iki futbolçusu Azad Kərimovla Budaq Nəsirov U-21 yığmasına dəvət alıb. Komanda yoldaşından fərqli, sonuncu gənclər yığmasına ilk dəfədir ki, çağırılır.

 

Sportal.az xəbər verir ki, Nəsirov klubun mətbuat xidmətinə açıqlamasında U-21 yığmasına dəvət olunmasından danışıb: “Açıq deyirəm, yığmaya çağırılacağımı gözləyirdim. Mənim üçün əsas olan heyətdə möhkəmlənməkdir. Buna kimi aşağı yaş qrupları üzrə komandalara çağırılmışdım. U-21-ə seçilməyim xoşdur. Azarkeşlərə qələbə sözü veririk. Çalışacağıq ki, oyunlardan maksimum xallarla ayrılaq. Bizi çətin oyunlar gözləyir. İnşallah, layiqli nəticə qazanıb hamını sevindirərik.”

 

Gənc yarımmüdafiəçi yığmaya dəvət olunmasında “Kəpəz” və baş məşqçi amilini qabardıb: “Yığmaya çağırılmağıma səbəb “Kəpəz”də daimi oynamağım, start heyətində meydana çıxmağımdır. Xüsusən də, baş məşqçimiz Şahin Diniyevin üzərimdə əməyi böyükdür. O, mənə inandı, əsas heyətdə oynatdı. Oyunuma mükafat da yığmaya dəvət olunmağımdır. Verilən şansdan yararlanıb, bəslənilən ümidləri doğrultmaq əsas məqsədimdir. Hədəflərimdən biri də əsas millidə çıxış etməkdir. Bu da zamanla reallaşacaq”.

 

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yığmamız “Dalğa Arena”da sentyabrın 4-də Avstriya, sentyabrın 8-də isə Almaniya yığması ilə qarşılaşacaq. Bu oyunlara hazırlıq məqsədilə avqustun 26-dan komanda Bakıda təlim-məşq toplanışına başlayıb.

Xəbər xətti