"Qarabağ" başladı, "Qəbələ" bitirdi

12:52 - 28 Avqust 2015

İki klubumuz qrup mərhələsində

 

Möhtəşəm bir gecə yaşadıq. Bakıda başladıq, Afinada bitirdik. Bu da bizə bir ilk – Avroliqanın qrup mərhələsində iki Azərbaycan klubu!

 

“Qarabağ” səfərdən qələbə ilə qayıtsa da, “Yanq Boys”la ev oyunu zərrə dəqər də əhəmiyyətini itirməmişdi. Ot örtüyünün bərbad olması məhz rəqibin xeyirinə olan amil idi. Düzdür, “Yanq Boys” da topla oynamağı xoşlayan komandadı. Ancaq “Qarabağ”dan fərqli, isveçrəlilər demək olar bütün hücumlarını qapı önünə göndərilən uzun hava ötürmələri üzərində qurmağa çalışırdı. Ümid ona idi ki, hündür boylu Oaronun başla zərbələri və ya ötürmələri isveçrəlilərə üstünlük yaradacaq. Ancaq bacarmadılar. Görüşün lap əvvəlində “Yanq Boys”un azlıqda qalması və Almeydanın penaltidən vurduğu qol “Qarabağ”ı rahatladı. Sonrakı dəqiqələrdə Qurban Qurbanovun komandası o qədər rahat oynadı ki, rəqibi bütün komponentlərdə açıq-aşkar üstələdi. Bu üstünlük yekun nəticədə də özünü göstərdi – 3:0. Hərçənd, hesab daha böyük ola bilərdi.

 

Yeri gəlmişkən, “Qarabağ” qrup mərhələsinə qədər keçirdiyi 6 oyunda qapısından yalnız 1 qol buraxıb. Hər zaman yaxşı hücum qurmaq bacarığı ilə seçilən “Qarabağ” artıq kompakt müdafiə olunmaq qabiliyyətini də ortaya qoyur. Arxada qalan oyunlarda Rəşad Sadıqovun başçılıq etdiyi müdafiə xətti olduqca etibarlı təsir bağışladı. Müdafiə xəttində yer alan dördlüyün düzülüşü, düzgün mövqe seçimi, müdafiəçilərin bir-birini dəqiq sığortalaması və dayaq yarımmüdafiəçisi olan Qara Qarayevin aktiv şəkildə ən son xətdə müdafiəçilərə kömək etməsi güclü rəqiblərlə oyunda yaxşı müdafiə olunmağımızı təmin edir.

 

Daha bir maraqlı məqam “Qarabağ”ın “Yanq Boys”un qapısından keçirdiyi üçüncü qol oldu. Yadınızdadırsa, “Rudar”la ev matçında “Qarabağ” künc zərbələrinin demək olar hamısını boşa vermişdi. Daha doğrusu, topu cərimə meydançasına göndərmək istəməyən, kombinasiya hesabına zərbə mövqeyinə çıxmaq istəyən “Qarabağ”lılar heç cür ev tapşırığını gerçəkləşdirə bilməmişdilər. Bu dəfə isə alındı! Quintana-Əfran-Quintana-Almeyda-Əfran və qol.

 

Bu oyunun daha bir diqqət çəkən görüntüsü “Qarabağ”lılar Reynaldonun vurduğu qolu bayram edərkən oldu. Hamı qola sevinəndə, kapitan Rəşad Sadıqov bir-bir futbolçulara yaxınlaşaraq onlara “rahatlaşmaq olmaz” deyirdi. Kameralar ona tuşlandığı üçün kapitanın ciddiliyini sezmək çətin deyildi. Son zamanlar yaxşı formada olan Rəşad Sadıqov da, onun komanda yoldaşları da final fitinə qədər sayıqlığı əldən vermədilər.     

 

“Qarabağ”ın ardınca “Qəbələ” də bayrama bayram qatdı. Bakıdakı qolsuz bərabərlikdən sonra “Panatinaikos” səddini aşmaq olduqca çətin tapşırıq idi. Amma Dodo üçün yox. Adam oyunda ikicə dənə fürsət qazandı və hər ikisini qola çevirdi. Buna səviyyə deyirlər. Ümumilikdə bütün “Qəbələ”nin haqqını vermək gərəkdir. Roman Qriqorçukun qurduğu komanda Afinada sona qədər savaşdı. “Qəbələ”də sona qədər oyun intizamı pozulmadı. Hətta yenə qol vurmaq üçün imkanlar əldə etdilər. Amma Zec və Zenyov fürsətləri dəyərləndirə bilmədilər.

 

Hesab 2:2 olarkən, Qriqorçukun əvəzetmələrdən istifadə etməməsi, bunun hesabına bir qədər vaxt udmaması kənardan təəccüblü görünə bilərdi. Qriqorçuk üç imkanın yalnız birindən istifadə etdi. Hücumçu Zecin yerinə meydana dayaq yarımmüdafiəçisi Elvin Camalov daxil oldu, vəssalam. Məsələ burasındadır ki, belə oyunların sonlarında əvəzetmələrə əl atmaq çox risklidir. Stadionda yerli azarkeşlərin yaratdığı dəhşətli atmosfer, rəqibin hər tərəfdən təşkil etdiyi aramsız hücumlar oyuna yeni daxil olan futbolçunu səhvə sürükləyə bilərdi. Çünki belə durumda heç də hər futbolçu ab-havaya uyğunlaşa bilmir. Belədə, meydana daxil olan futbolçunun qaydanı pozması, yersiz səhvə yol vermə ehtimalı olduqca yüksəkdir. Kimisə hücum xəttinə buraxmaq olardı, ancaq son dəqiqələrdə hamılıqla müdafiə olunmalı idik.

 

90 dəqiqənin tamamında qeydə alınan 2:2 hesablı nəticə “Qəbələ”ni qrup mərhələsinə daşıdı. Azərbaycan futbolunun tarixində ilk dəfə idi ki, hansısa komanda Avropa Liqasının ilk mərhələsindən başlayıb qrupa mərhələsinə düşə bildi. Nəhayət, Tale Heydərovun da üzü güldü. Uzun illərdir futbola böyük maliyyə yatıran, klub üçün mükəmməl infrastruktur, akademiya yaradan Heydərov əziyyətinin bəhrəsini gördü.

 

Emin ABBASOV 

Xəbər xətti