"Baş məşqçimiz Şahin Diniyev mehriban kollektiv formalaşdırıb"

20:32 - 29 Avqust 2015

Azad Kərimov: "Ümid edirəm ki, qarşıdakı görüşlərdə meydana çıxa biləcəyəm"
 
“Gündə iki dəfə məşq edirik, səhərlər əsasən fiziki hazırlığa diqqət ayrılır. Axşam məşqində isə topla çalışırıq”.
 
Sportal.az xəbər verir ki, bu sözləri 21 yaşlı futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Azad Kərimov söyləyib. Çıxış etdiyi “Kəpəz” klubunun mətbuat xidmətinə açıqlama verən gənc futbolçu avqustun 26-dan düşərgəsində olduğu millinin toplanışından danışıb: “Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də “Dalğa Arena”da Avstriya, sentyabrın 8-də isə Almaniya yığması ilə qarşılaşacağıq. Oyunlara ciddi hazırlaşırıq, məşqçilərin verdiyi tapşırıqların öhdəsindən gəlməyə çalışırıq. Ümid edirəm ki, qarşıdakı görüşlərdə meydana çıxa biləcəyəm. Hər şey baş məşqçimiz qərarından asılıdır. Mənə şans verilsə, əlimdən gələni edəcəyəm ki, komandamız uğurlu nəticələrə imza atsın. Bütün komanda yoldaşlarımla birlikdə buna səy göstərəcəyik”.
 
Azad Kərimov yeni mövsümdə “Bakı”nı “Kəpəz”ə dəyişib. Müdafiəçi ötən ildən mütamadi olaraq gənclər yığmasına çağırılır: “21 yaşlılardan ibarət yığmaya dəvət alanda “Bakı” klubunda oynayırdım. Sevindirici haldır ki, indi Gəncə komandasının üzvü kimi yığmaya çağırılmışam. Baş məşqçimiz Şahin Diniyev mehriban kollektiv formalaşdırıb, bunun üçün ona minnətdaram. Məşqlərdə və oyunlarda əlimdən gələni edirəm ki, klubuma kömək edim. Bundan sonra əsas milliyə də dəvət almağı çox istərdim”.

Xəbər xətti