"Füzuli FK"dan bəyanat

00:44 - 5 Sentyabr 2015

"Bu yolda kluba dəstək olmaq istəyən şəxslər də var"
 
2009-cu ildə təsis olunan “Füzuli” Futbol Klubu fəaliyyətini davam etdirmək üçün maliyyə mənbəyi axtarışını davam etdirir. 
 
Sportal.az xəbər verir ki, klubun təşkilatçı-meneceri Vüsal Hacıyev azyaşlı komandalarla olsa belə, “Füzuli” FK-nın yaşaması üçün yenidən Füzuli rayonunun imkanlı şəxslərinə və ictimaiyyətə müraciət ünvanlayıb:
 
"Əziz füzulililər, biz artıq xeyli vaxtdır, heç bir maliyyə güdmədən “Füzuli” Futbol Klubunun ayaqda durması, yaşaması və inkişafı üçün çalışırıq. İki aydır, klubun geniş çərçivədə tanıdılması və dəstək verilməsi üçün var gücümüzlə təbliğat aparırıq. Bu yolda kluba dəstək olmaq istəyən şəxslər də var.  Amma hiss edirik ki, onlar əməli addım atmağa ehtiyatla yanaşırlar, çəkinirlər. Heç bir narahatçılığa əsas yoxdur. Füzuli rayonunun Qoçəhmədli kəndindən olan jurnalist kimi bu işə təmənnasız şəkildə, can-başla qoşulmuşam. Qoşulmuşam ona görə ki, 90-a yaxın azyaşlı  futbolçumuz inkişaf etsin. Onların zərərli vərdişlərdən uzaq olmasına, sağlam inkişafına dəstək olum. Cəbhə bölgəsində yaşayan bu uşaqların ümid yerinə niyə laqeyd yanaşaq ki?!  Yekun nəticədə isə bu balacalar gələcəkdə ölkəmizə, xalqımıza sağlam təfəkkürlü vətəndaşlar kimi bəxş olunsun. Bu yolla vətəndaşlıq borcumuzu yerinə yetirmiş olarıq.
Klubun adının “Füzuli” olması da təsadüfi deyil. Bildiyiniz kimi, idman, mədəniyyət ölkənin tarixinin, coğrafiyasının dünyaya tanıdılmasında müstəsna rol oynayır. Bu yolla Füzulinin Azərbaycana məxsusluğunu bildirir, indidən üzərimizə düşən milli borcumuzu yerinə yetiririk. Qoy, gələcək nəsillər buraxılan boşluqlara görə bizi qınamasınlar.
Üzü 1988-ci ildən bu yana, erməni qəsbkarları ilə mübarizədə 20 faiz torpağımızı itirmişik. Təbii ki, bunun qarşısını almaq üçün biz vətəndaşların hərb meydanından kənarda görməli olduğu işlər də var. Ən əsası birlik, təşkilatlanma, milli təfəkkürün formalaşdırılması da öz yerini almalıdır. Yetər ki, bu sahədə öz təəssübkeşliyimizi bir yerə cəmləyək . Necə ki, bu il ölkə klubları “Qarabağ” və “Qəbələ” Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb, Azərbaycanı çoxmilyonluq Avropaya və dünyaya tanıdır. Demək, idmanın şahı olan futbol təbliğat, tanıtım məsələsində xüsusi çəkiyə malikdir. 
Nəticə etibari ilə bizlər Azərbaycan adına daha güclü ola bilərik. “Füzuli” FK-ya dəstək olmaqla həm rayonu geniş areada tanıdarıq. Eyni zamanda, U-10, U-11, U-12, U-13, U-14 və U-15 komandalarından qurulan və 5 nəfərlik məşqçi heyəti ilə təmsil olunan klubun inkişafına töhfə verərik. Bu məsələdə pul mənimsənilməsindən söhbət belə gedə bilməz. Yığılacaq vəsait uşaqların geyim təminatı, qidalanması, səfər xərcləri, xüsusi hallarda komanda üzvləri üçün müxtəlif səpkili tədbirlərin təşkili və işçilərin az da olsa, məvacibləri üçün xərclənəcək.
Unutmayaq ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ölkədə futbolun inkişafı üçün müxtəlif proqramların icra olunmasına öz dəstəyini nümayiş etdirir. Belədə aidiyyatı qurumlar da dövlətimizin prioritet istiqamət seçdiyi bu işə öz dəstəyini əskik etməməlidir. 
“Füzuli” FK-nın bir illik büdcəsi üçün 6-7 min manat maliyyə gərəkdir. Hər halda, bu məbləğ elə də böyük deyil. Yetər ki, insanların torpağa olan sevgisi əməli fəaliyyətdə özünü göstərsin. 
“Dama-dama göl olar” deyiblər. Aşağıda göstərilən klubun bank hesabına az və ya çox məbləğ daxil etməklə siz ”Füzuli” FK-ya dəstək verə bilərsiniz. Unutmayın ki, bu pullar ölkəmiz, vətənimiz üçün xərclənir.
 
Üstəlik, bizimlə əməkdaşlıq etmək istəyən şirkətlər, firmalar və müəssisələrlə onların təklifləri əsasında əməkdaşlıq etməyə hazırıq. Klubun formalarına sahib olduqları müəssisələrin adlarını həkk etməklə, siz sahibkarların, iş adamlarının fəaliyyətinin inkişafına və reklamına dəstək ola bilərik".
Vüsal Hacıyev - 055 588 52 47 (təşkilatçı-menecer)
Mirdamət Quliyev - 050 406 26 76 (idman direktoru) 
Bank hesabı: Accessbank Quliyev Mirdamet İbad oglu hesab N AZ62ACAB00260100000000131241 (AZN)
 
Qeyd: Hələ ki, aşağı yaş qruplarında çıxış edən komandalarla fəaliyyət göstəririk. İnşallah, gələcəkdə daha böyük məqsədləri hədəf seçmişik. 

Xəbər xətti