Deputatlar da Qurban Qurbanovu dəstəkləyir

13:46 - 6 Oktyabr 2015

"Qurban Qurbanov ədalətli, vicdanlı adamdır"

 

Azərbaycan Premyer Liqasının oktyabrın 4-də keçirilən "İnter"- "Qarabağ"(0-2) görüşünün sonlarında ikincilərin baş məşqçisi Qurban Qurbanovun etdiyi jest hələ də müzakirə mövzusudur. Kimisi mütəxəssisin doğru, kimisi yanlış qərar verdiyini, kimisi isə bunun sadəcə piara hesablanmış addım olduğunu deyir. 

 

Sportal.az xəbər verir ki, Adalet.az birmənalı qarşılanmayan məsələ ilə bağlı deputatların da fikrini öyrənib.

 

Fazil Mustafa Qurbanovun hərəkətini təqdirəlayiq hesab edir. O, məşqçinin hesab komandasının xeyrinə olmasa belə, eyni qərarı verəcək qədər alicənab olduğunu deyir:  "Bu jesti yüksək qiymətləndirirəm və düşünürəm ki, insanda olan yüksək ədalət duyğusunun ifadəsidir. Bəziləri şərh edirlər ki, guya hesabda geri olsaydı, Qurban bu addımı atmazdı, ancaq mən əminəm ki, o vəziyyətdə də eyni addımı atacaq səviyyədə bir alicənabdır".

 

Adil Əliyev də həmkarı ilə razıdır. O da hesab edir ki, Qurbanov xarakterindən irəli gələn jesti edib: "Qurban Qurbanov ədalətli, vicdanlı adamdır. Ona görə də hesab edirəm ki, doğru bildiyini edib".

 

Xatırladaq ki, hesab komandasının xeyrinə olarkən, hakimin təyin etdiyi mübahisəli penaltini haqsız hesab edən 43 yaşlı mütəxəssis futbolçudan zərbəni qeyri-dəqiq yerinə yetirməyi xahiş edib. Çalışdırıcının sözündən çıxmayan Elvin Məmmədov topu qapının üstündən vurub. 

Xəbər xətti