Millimiz tarixi matçda yeni rekorda imza atacaqmı?

15:39 - 9 Oktyabr 2015

Olimpiya stadionunda ilk dəfə

 

AVRO-2016-nın seçmə mərhələsində mübarizə sona yaxınlaşır. Oktyabrın 8-dən 13-dək keçiriləcək son 2 turun oyunları ilə final mərhələsinin əksər iştirakçılarının adlarına aydınlıq gələcək.

 

Sportal.az xəbər verir ki, yekunda qrupda birinci və ikinci yeri tutmaqla gələn il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanan komandalarla yanaşı, 3-cü yerin sahibi kimi pley-off matçlarında çıxış edəcək kollektivləri də tanıyacağıq.

 

İslandiya yığmasından böyük tarixi uğur

 

Final mərhələsinə vəsiqə qazanan bəzi komandaların adları indidən də bəllidir. İlk “xoşbəxt yığma” İngiltərə təmsilçisi olub. Bu ölkənin millisi seçmə mərhələdə yüzfaizli nəticə göstərən hələ ki yeganə komandadır. Roy Hocsonun başçılıq etdiyi kollektiv final mərhələsinin də favoritləri sırasındadır. Ancaq cari seçmə mərhələnin özəlliyi favoritlərin deyil, ortabab komandaların inamlı çıxış etməsindədir. Sözsüz ki, bu baxımdan İslandiya yığmasını xüsusi qeyd etmək lazımdır. Ada təmsilçisi ilk dəfə final mərhələsinə vəsiqə qazanmaqla, tarixi uğura imza atıb. Özü də islandlar finala vəsiqəni Çexiya, Türkiyə və Hollandiya kimi güclü yığmaların mübarizə apardığı “A” qrupunda qazanıblar. Maraqlıdır ki, bu qrupda ikinci vəsiqənin sahibi də məlumdur – Çexiya yığması. Hazırda eyni xalı toplamış İslandiya ilə Çexiya son 2 turda qrup qalibini və ikincisini müəyyənləşdirəcək. İslandiya yığması kimi Uels millisi də tarixində ilk dəfə final mərhələsinin iştirakçısı olmağa çox yaxındır. Dünyanın ən bahalı oyunçusu, “Real”ın ulduz futbolçusu Qaret Beyl inamlı oyunu, vurduğu qollarla milli komandasını Avropa çempionatının finalına daşıyır.

 

Finalda oynamağa çox yaxın olan komandalardan biri də hazırda “C” qrupunda ikinci olan Slovakiya millisidir. Slovaklar bir dəfə (2010-cu ildə) dünya çempionatının iştirakçısı olsalar da, indiyədək Avropa çempionatının həlledici mərhələsində təmsil olunmayıblar. Avstriya millisinin də Fransada keçiriləcək final mərhələnin iştirakçısı olacağı dəqiqləşib. Yeri gəlmişkən, avstriyalılar 2008-ci ildə İsveçrə ilə birgə final mərhələsinin təşkilatçısı kimi bu həyəcanı yaşayıblar. Avstriya millisinin Rusiya və İsveç kimi aşkar favoritlərin çıxış etdiyi qrupda inamlı liderliyi diqqət çəkir.

 

Ən böyük sensasiyalardan biri də Şimali İrlandiya yığmasının qrup liderli olmasıdır. Növbəti dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasıyla bir qrupda çıxış edəcək şimali irlandlar da ilk dəfə final mərhələsində oynayacaqlar. Hazırda milli komandamızla eyni qrupda yer alan Norveç millisinin də Fransaya birbaşa vəsiqə qazanmaq şansı var. Bir qədər əvvəl ümidlərini pley-offa bağlayan vikinqlər son 2 qələbə, xüsusilə, qrup lideri olmuş Xorvatiyaya üstün gəlməklə vəziyyəti öz xeyirlərinə dəyişdilər. İkinci pilləyə yüksələn Norveç hazırda 3-cü yerdə olan Xorvatiyanı 1 xal qabaqlayır. Xorvatların son 2 oyunda cəmi 1 xal qazanması onlara final mərhələsindən kənarda qalmaq bahasına başa gələ bilər.

 

“Qəbələ" legionerlərinin pley-off şansları

 

Göründüyü kimi, gələn ilin yayında keçiriləcək final mərhələsində bir neçə debütant iştirak edəcək. Təbii ki, bu, bir sıra favoritlərin uğursuz çıxışı fonunda baş verir. Hollandiya yığması Qus Hiddinki baş məşqçi postundan qovsa da, bundan sonra 3-cü yerdən də əlini üzə, hətta final mərhələsindən kənarda qala bilər. Kladuio Ranyerini istefaya göndərən Yunanıstan yığmasının bundan sonra da qələbəsiz qalması göz önündədir. 2004-cü ildə Avropa çempionunun hazırda qrup sonuncusu olması, sadəcə, fiaskodur.

 

“Qəbələ”nin milliyə çağırılan legionerlərindən estoniyalı Sergey Zenyovla bosniyalı Ermin Zetsin yığmaları final mərhələsinə çıxmaq şansını saxlayırlar. Doğrudur, hər 2 hücumçunun milli komandası hazırda qrupda 4-cü yerdədir. Ancaq həm Estoniya, həm də Bosniya və Herseqovina millisi 3-cü yeri tutub pley-offa çıxa bilər.

 

Yığmamız üçün yeni stimul

 

Milli komandamız üçün son 2 tur formal xarakter daşıyır. Bu isə o deməkdir ki, Azərbaycan yığması yenə final mərhələsindən kənarda qalıb. Hərçənd, bu dəfə final mərhələsi iştirakçılarının sayı 16-dan 24-ə yüksəldiyindən, 3-cü yeri tutub pley-offa çıxmağa ümid edirdik. Robert Prosineçkinin baş məşqçi postuna gəlişindən sonra millinin məğlubiyyətsiz oyunlar seriyası davam etsə də, uğursuz start öz sözünü dedi. Xatırladaq ki, millimiz seçmə mərhələnin əvvəlində, 4 oyundan sonra hesabına xal yaza bilməmişdi.

 

Bununla belə, bizim üçün yeni stimul var. İndi əsas məqsəd tarixdə ilk dəfə qrupda 4-cü yeri tutmaqdır. Buna şansını saxlayan yığmamızın hazırda həmin pillədə olan Bolqarıstanla səfər matçı qalıb. Bu, seçmə mərhələdə son sınağımızdır. Növbəti oyun isə qrup lideri İtaliyaya qarşı olacaq. Özü də bu önəmli oyun ilk dəfə Bakı Olimpiya Stadionunda keçiriləcək. İtaliya həmin matçda final mərhələsinə vəsiqəni rəsmiləşdirmək, Azərbaycan isə tarixində ilk dəfə ardıcıl 5 rəsmi oyunda uduzmamaqla yeni rekorda imza atmaq üçün oynayacaq.

 

"Qəbələ" İK qəzeti

Xəbər xətti