"4-cü yeri tutmaq bizə heç nə verməyəcək"
“Yeni komanda qurmaq asan deyil. Bunun üçün vaxt lazımdı”.
Sprotal.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev deyib.
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bolqarlar sabah millimizi qəbul edəcəklər. Bu görüşdən öncə Petev mətbuat konfransı keçirib. Bolqarıstan yığmasında sonuncu matçına çıxacaq təcrübəli çalışdırıcı bunları əlavə edib:
"Heyətə dəvət olunan gənclərdən bəziləri öz komandalarında oynamırlar. Bizim üçün əsas problem budu. 4-cü yeri tutmaq bizə heç nə verməyəcək. Əsas odu ki, Azərbaycanla oyunda komandamız yüksək səviyyəli oyun nümayiş etdirsin”.
Petev pley-offa yüksələ bilməməklərini milli üzvlərinin öz komandalarında oyun praktikası baxımından əziyyət çəkməsi ilə əlaqələndirib:
“Məqsədimiz pley-offa vəsiqə qazanmaq idi. Bunu bacarmadıq. Əsas səbəblərdən biri odu ki, yığmanın bir neçə üzvü öz komandalarında mütəmadi oynamırlar. Bizim üçün ən çətin oyun Norveçlə matç oldu. Həmin görüşdə məğlub olduqdan sonra şansı əldən verdik”.
Təcrübəli çalışdırıcı Azərbaycan yığması haqda bunları deyib:
“Eksperimentlər edirəm. Zaqrebdə olduğu kimi, sabahkı matçda da heyətdə yeni futbolçulara şans verəcəm. Azərbaycan futbolu yüksəlişdədi. Həm klublar, həm də milliyə bunu aid etmək olar. Məncə, sabah çox maraqlı oyun olacaq. Azərbaycanla matçda konsentrasiyanı ələ almalı, aqressiv oynamalı və üstünlüyü rəqibə verməməliyik. Azərbaycan yığmasının üstün tərəfləri var və biz bunu bilirik. Hər şey bizdən asılıdı”.
Keçən il “Qəbələ” ilə danışıq aparan, ancaq son anda keçidi alınmayan Petev bu məsələyə qısaca toxunub:
“Qəbələ”yə uğurlar arzu edirəm. Bu məsələ artıq geridə qalıb. Danışıqların konkret hansı səbəbdən baş tutmadığını açıqlamaq istəmirəm”.
saytlarin hazirlanmasi