Təhlükəsizliyin təmin edilməsi üçün
AFFA rəhbərliyi Bakı Olimpiya Stadionunda Azərbaycan və Moldova yığmaları arasında keçiriləcək yoldaşlıq görüşündə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi xahişi ilə Azərbaycanın müvafiq qurumlarına müraciət edəcək.
Sportal.az xəbər verir ki, bu barədə stadionun direktoru Cavid Qarayev bildirib.
Onun sözlərinə görə, ötən gecə Fransanın paytaxtı Parisdə baş vermiş terror hadisələrindən sonra arenada təhlükəsizlik məsələlərinə daha ciddi yanaşılması zərurəti yaranıb. Bu səbəbdən, C.Qarayev AFFA qarşısında məsələ qaldırdıqlarını bildirib: "Bakı Olimpiya Stadionunda təhlükəsizlik tədbirlərinin hələ I Avropa Oyunlarının Açılış və Bağlanış mərasimləri zamanı yüksək səviyyədə qorunmasının şahidi olmuşduq. Yenə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə zərurət hiss etdiyimizdən, AFFA qarşısında məsələ qaldırmışıq. İstərdik ki, stadionumuza azarkeşlər buraxılmamışdan öncə xüsusi aparatlar vasitəsilə yoxlanılsınlar".
C.Qarayev deyib ki, hazırkı məqamda əsas məsələ oyunu izləməyə gələcək insanların təhlükəsizliyidir.
Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Azərbaycan - Moldova matçı saat 21:00-da başlanacaq (Report).
saytlarin hazirlanmasi