Millimizin kapitanı: "Qol vurduqdan sonra sevinmədim"

10:42 - 8 Dekabr 2015

"Onların hamısı milli komanda üçün önəmli oyunçulardır"

 

19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunun oyunlarının Bakıda keçirilməsi barədə ötən sayımızda xəbər vermişdik. Təəssüf ki, Nazim Süleymanovun rəhbərlik etdiyi Azərbaycan yığması Ukrayna (0:4), Türkiyə (0:1) və Bosniya və Herseqovina (1:0) ilə mübarizədə qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməyərək, 3 xalla qrupda 3-cü yeri tutub.

 

Sportal.az xəbər verir ki, U-19-un heyətində “Qəbələ” klubunun 6 üzvləri Bəhlul Mustafazadə, Emin Zamanov, Yusif Nəbiyev, Roman Hüseynov, Ayxan Əsədov, Elnur Orucov eləcə də, icarə əsasında “Kəpəz”də çıxış edən Əli Səmədov da yer alıb. Bu gün həmin futbolçulardan biri, “Qəbələ”nin əvəzedici heyətinin müdafiəçisi, eləcə də milli komandamızın kapitanı Bəhlul Mustafazadənin turnir barədə fikirlərini diqqətinizə çatdırırıq.

 

Əvvəla onu deyək ki, yığmamızın hər 3 oyununda kapitanlıq məsuliyyətini öz üzərinə götürən Bəhlul seçmə mərhələdə vurduğumuz yeganə qolun müəllifi və qazandığımız tək qələbədə əsas pay sahibi olub. Lakin çox təəssüf ki, onun fəallığı, ustalığı da komandamızın uğurlu çıxışına kifayət etməyib. Mustafazadənin fikrincə, uğursuzluğu bir neçə amillə əlaqələndirmək mümkündür:

 

“Məqsədimiz elit mərhələyə adlamaq idi. Təəssüf ki, bunu bacarmadıq. Çox məyusuq. Yığmamızın qrupda qalmasının bir neçə səbəbi var. Başlıca amil meydanda kifayət qədər intizamlı olmamağımızdır. Bundan başqa, bəzi oyunçularda psixoloji hazırlığın az, yaxud heç olmamasını göstərə bilərəm”.

 

U-19-un ən zəif çıxışı ikinci turda Türkiyə ilə görüşə təsadüf edib. Birinci hissədə penaltini qola çevirə bilməyən, uzun müddət say üstünlüyünə baxmayaraq, rəqibin müqavimətini qırmağı bacarmayan yeniyetmə futbolçularımız 0:1 hesabı ilə məğlubiyyətə uğrayıblar. Bu nəticə millimizin qrupdakı taleyinə böyük ölçüdə aydınlıq gətirib. Bəhlul Türkiyə ilə matçı “pis yuxu” adlandırıb: “Türklərlə qarşılaşmada şanslarımızı boşa verdik. Bu, bizim üçün pis bir yuxu idi”.

 

18 yaşlı futbolçu seçmə mərhələdə öz oyunundan da razı qalmayıb: “Bəzi şeyləri daha yaxşı edə bilərdim. Amma istənilən halda, seçmə mərhələ mənim üçün yaxşı təcrübə oldu. Güclü və zəif cəhətlərimi görüb analiz etmək, nöqsanları düzəltmək, güclü nöqtələrimi isə daha da təkmilləşdirmək fürsəti qazandım”.

 

Mustafazadə yığmanın formasını geyinən digər “Qəbələ”lilərin də çıxışına da toxunub: “Onların hamısı milli komanda üçün önəmli oyunçulardır. Yığmaya kömək etmək üçün çox çalışdılar. Ancaq düşünürəm ki, onlar potensiallarını tam göstərə bilmədilər. “Qəbələ”dəki komanda yoldaşlarım bundan artığına qadirdirlər”.

 

Maraqlıdır ki, Bosniya və Herseqovina komandasının qapısına vurulan qolun həm müəllifi, həm də assisenti “Qəbələ”nin üzvləridir. Bəhlula qolun ötürməsini “qırmızı-qaralar”ın əvəzedici heyətində çiyin-çiyinə oynadığı Roman Hüseynov verib: “Cərimə zərbəsindən öncə Romana topu hara qaldırmaq lazım olduğunu söylədim. Onun ideal ötürməsindən sonra fərqləndim. Ancaq qol vurduqdan sonra sevinmədim. Komanda yoldaşımın topu tez götürüb, mərkəzə gətirməsini istədim. Çünki bizə hələ bir qol da lazım idi”.

 

Amma yığmamız Bosniya və Herseqovinanın qapısına bir daha yol tapa bilməyib. Bu azmış kimi, qrupun digər matçında birinci hissəni 3:0 hesabı ilə öndə bitirən Ukrayna fasilədən sonra Türkiyə millisinin 4 qoluna şahidlik edib. Hərçənd, bu oyunda bizə məhz “ay-ulduzlular”ın məğlubiyyəti sərf edirdi. Ukrayna – Türkiyə qarşılaşmasında hadisələrin gedişatının qəfil dəyişməsi, ikinci hissədə qrup liderinin ardıcıl 4 top buraxması bəzi söz-söhbətlərə əsas yaradıb. Lakin Bəhlul ukraynalıların bilərəkdən uduzması variantını yaxına buraxmır: “Vəziyyəti özümüz kritik həddə çatdırdıq. Yəni, günahı başqasında axtarmamalıyıq. İnanın ki, türklər bizimlə oyuna çox ehtiyatla çıxmışdılar, 1 xal belə onlar üçün yaxşı nəticə sayılacaqdı. Ancaq zəncirvari səhvlərin ucbatından məğlub olub, şansımızı əldən verdik və son tur ərəfəsində Ukraynadan asılı vəziyyətə düşdük. Ukraynalıların axırıncı turda Türkiyəyə oyun “satmasına” isə inanmıram”.

 

Bəli, bu, “pis yuxu” görən, geyindiyi formanın məsuliyyətini anlayan və doğma azarkeşlər önündə yığmamıza təsəlli qələbəsi gətirən kapitanın fikirləri idi. Seçmə mərhələ Bəhlul üçün uğursuz alınsa da, onun Azərbaycan milli komandaları ilə bağlı ciddi planları və arzuları var: “Öz üzərimdə çalışıb, öncə U-21-in heyətinə dəvət almaq və orada möhkəmlənmək niyyətindəyəm. Təbii ki, ən böyük arzum Azərbaycanın əsas milli komandasında forma geyinməkdir. Bunun hələ tez olduğunu bilsəm də, hədəfim bəllidir”.

 

"Qəbələ İK" qəzeti

Xəbər xətti