Problemlərin həlli yolları müzakirə olunub
Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, AFFA-nın texniki direktoru Bernhard Lippert və Məşqçilər Komitəsinin üzvləri Premyer Liqada çıxış edən klubların baş məşqçiləri ilə görüş keçirib.
Sportal.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə ölkə futbolunun inkişafı, problemlərin həlli yolları müzakirə olunub. Əsasən, futbolçuların hazırlıq səviyyəsi, uşaq futbolunun vəziyyəti xüsusi vurğulanıb. Mövsüm ərzində futbolçuların daha çox oyun keçirməsini təmin etmək üçün Premyer Liqa klublarının iştirakı ilə daha bir turnirin təşkilinin zəruriliyi qeyd olunub. Eləcə də, qış fasiləsi zamanı ölkə xaricində təlim-məşq toplanışı keçə bilməyən klubların arasında qısamüddətli turnirin keçirilməsi təklifi də səsləndirilib.
Görüş iştirakçıları təkliflərini irəli sürməklə yanaşı, müzakirələrin səmərəli və faydalı olacağına ümid etdiklərini bildiriblər.
saytlarin hazirlanmasi