"Oyunlarımızın hamısında bizi ürəkdən dəstəklədilər"
"Onu deyə bilərəm ki, “Neftçi”yə qarşı yaxşı oynadıq. Əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Oyunda daha çox qol vurmaq üçün şanslarımız oldu, ancaq təəssüf ki, bundan yararlana bilmədik".
Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Junior Osvaldo Premyer Liqamızın 18-ci turunda "Neftçi" ilə keçirilən oyundan (1:1) sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Braziliyalı futbolçu turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmalarının pis nəticə olmadığını bildirib: "Hələlik çempionatın yarısını arxada qoymuşuq, 18 oyun keçirmişik və turnir cədvəlinin 5-ci pilləsindəyik. Məncə, bu, yaxşı nəticədir. Yaxşı istirahət etdikdən sonra səylə hazırlaşıb, mövsümün sonunda arzuladığımız məqsədə çata bilərik".
33 yaşlı yarımmüdafiəçi 90 dəqiqə ərzində komandaya dəstək verən azarkeşlərə təşəkkürünü çatdırıb: "Bütün azarkeşlərə minnətdarıq. Oyunlarımızın hamısında bizi ürəkdən dəstəklədilər. Belə də davam etsinlər. Fanatların dəstəyi ilə uğurlu nəticələrə imza atıb, daha irəliyə gedəcəyik".