Məhkəmə baxışı yanvarın 12-si saat 10.30-a təyin edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində döyülərək öldürülən jurnalist Rasim Əliyevin işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Sportal.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda iştirak etmək istəyənlərdən yalnız mərhum jurnalistin yaxınları və təqsirləndirilən şəxslərdən bəzilərinin valideynləri prosesə buraxılıblar. Məhkəmə binasının qapısında iştirakçılar və polislər arasında qarşıdurma yaranıb (musavat.com)
Məhkəmə baxışı yanvarın 12-si saat 10.30-a təyin edilib. Hazırlıq iclasında verilən vəsatətlər təmin olunmayıb. Əlavə şahidlərin çağırılması ilə bağlı vəsatət baxılmamış saxlanılıb və həkimlərin məsuliyyətə cəlb olunması ilə bağlı vəsatət təmin olunmayıb.
Jurnalisti öldürməkdə 5 nəfər təqsirləndirilir. Bunlardan Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyev isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri üzrə ittiham olunurlar.
Cinayətdə adı keçən "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun işi ayrı icraata götürülüb. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Futbolçunun işinə Səbayel Rayon Məhkəməsi baxacaq. Prosesin başlama vaxtı məlum deyil.
saytlarin hazirlanmasi