Klublar Komitəsinin sədri: "PFL-ə borclar 2 ilə yaxındır ki, yığılıb" MÜSAHİBƏ

13:10 - 6 Yanvar 2016

"Hansı klubun nə problemi varsa..."

 

AZAL klubunun vitse-prezidenti və AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov "Report"a müsahibə verib.

 

Sportal.az sizi həmin müsahibə ilə tanış edir:

 

 

- Mövsümün yarısı geridə qaldı. Komandada vəziyyət necədir, hazırlıqlar necə gedir?

- Mövsümün əvvəlində strategiyamızı dəyişdik. Komandanı cavanlaşdırdıq. Belə demək olarsa, milliləşmə apardıq. Əsasən, yerli futbolçulara üstünlük verdik. Əvəzedici heyətdən gənc futbolçular çağırdıq, Rail Məlikov, Emin Cəfərquliyevi komandaya cəlb etdik. Həmin vaxtı maaşları da manata keçirdik. İlk 5 oyunda nə xal toplaya, nə də qol vura bildik. Yəni komanda oynayırdı, amma alınmırdı. 6-cı turdan xal da yığmaya başladıq. Bu gün isə komandada irəliləyiş var. Ötən ilin müvafiq dövründə - komandanın maliyyəsi daha çox olanda həmin heyətlə 17 xal yığmışdıq, amma indi bu göstərici 22-dir. Həmin uşaqlardan "Zirə"də, "İnter"də, "Kəpəz"də oynayanları var. Komandanı saxlamaq niyyətindəyik. Baş məşqçi Tərlan Əhmədovun qərarından sonra 1-2 nəfərlə yollar ayrılacaq. Artıq Adan Koronado və Eltun Hüseynov komandaya qoşulub. Ola bilsin, 1 nəfər götürdük. Bizə hücumçu lazımdır.

 

- Belə demək olarmı ki, AZAL bu gündən ən çoxu 2 futbolçu transfer edəcək?

- 1, uzağı 2 futbolçu alacağıq. Çox lazım deyil. Strategiyamız qalır. 18 oyuna görə artıq adamlar da götürmək istəmirik. Uşaqlar da oynayır. Tərlan Əhmədovun və komandanın işindən razıyıq.

 

- Transferlərdən biri hücumçu olacaq, bəs digəri?

- Meksikalı Koronado hücumameylli oyunçudur. Bir az arxadan oynayır, amma hücumameyllidir. Ya Braziliya, ya Rusiya, ya da Gürcüstanın "Dinamo" (Tbilisi) komandasından bir nəfər gələcək. Sabah komanda bir araya yığışır və tibbi müayinə olacaq. Ayın 9-da "Sumqayıt"la yoxlama görüşü olacaq. Yaxın günlərdə növbəti transferlərlə bağlı qərar veriləcək.

 

- "AZAL Arena"nın ot örtüyündə yenilənmə işləri aparılır. Hazırda iş nə yerdədir?

- İşlər yaxşı gedir. Mənə elə gəlir ki, sabah axşama doğru işlər yekunlaşacaq. Yoxlama matçını "AZAL Arena"da oynamalı idik, amma Sumqayıta keçirildi. Ayın 13-də isə görüş "AZAL Arena"da olacaq.

 

- Klublar Komitəsinin yeni ildə ilk iclası nə vaxta planlaşdırılır?

- Bir neçə klub təlim-məşq toplanışını xaricdə keçirir. Ona görə də iclası bu ayın son həftəsinə planlaşdırırıq. Klub nümayəndələri ilə telefonla danışırq. Hansı klubun nə problemi varsa, hamısına baxırıq və onları müzakirə edəcəyik.

 

- Qış toplanışını Bakıda keçirən klubların turniri nə vaxt olacaq?

- Bunu müzakirə edəcəyik. Necə, harda keçiriləcəyini dəqiqləşdirməliyik. Stadionlar var və hakimlərimiz də burdadır. Burada olan klubların baş məşqçiləri proqram qurublar və bunları da nəzərə almaq lazımdır. Rusiyadan bir klub gəlməli idi. Lakin hansı olduğunu bilmirəm, çünki danışıq AFFA tərəfdən olub.

 

- PFL prezidenti Ramin Musayev klubların borcuna görə transfer qadağası qoyulduğunu deyib...

- Düzdür, 9 klubun borcu var və əlbəttə, ödənilməlidir. Artıq 2 ilə yaxındır ki, bu borclar yığılıb. Biz də AFFA da rəsmi şəxslərlə görüş keçirəcəyik. Komitənin iclasında da mütləq məsələ müzakirə olunacaq və kompromis xarakterli sistemlə bu işi yoluna qoymalıyıq.

Xəbər xətti