"Ən yaxşı legioner Almeydadır"
"Zirə" futbol klubunun serbiyalı müdafiəçisi Yovan Krneta "Report"a müsahibə verib.
Sportal.az sizi həmin müsahibə ilə tanış edir:
- Mövsümün ilk yarısını "Zirə" üçün necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, mövsümün ilk yarısını 3-cü sırada başa burduğumuz üçün komandanın bütün üzvləri məmnundur. Mövsümün qalan hissəsində daha yaxşı çalışıb nəticəmizi yaxşılaşdıra bilərik.
- Azərbaycan Premyer Liqasındakı fasiləyə 3-cü pillədə yollanan "Zirə"nin avrokuboklara vəsiqə qazanması nə qədər realdır?
- Düzdür, qarşımızda qoyulan məqsəd yaxşı, mübarizəyə dözümlü komanda yaratmaqdır. Hazırkı mövqeyimiz bunu deməyə əsas verir. Amma bundan sonra da komandanın hər bir üzvü əlindən gələnin ən yaxşısını etməlidir ki, nəyəsə nail olaq.
- Komandanın heyətində sabit çıxış edirsiniz. Sizi həm də uğurlu legioner adlandırmaq olar?
- Bu suala cavab vermək həqiqətən çətindir. Fikrimcə bu sual məşqçi və ya yerli futbolçulara ünvanlansa, daha yaxşı olardı. Ancaq mən çox vaxt İqor İvanoviçlə məşqə gedirəm. Ola bilsin ki, elə ən yaxşı legioner də İqordur.
- Azərbaycanda hansı əcnəbi futbolçu ilə münasibətdəsiniz və kimi Premyer Liqanın ən yaxşı legioneri sayırsınız?
- Ən yaxşı münasibətdə olduğum futbolçu elə İqordur. Çünki biz onunla eyni dildə danışırıq. Buna baxmayaraq, Mbah Çimezi və Viktor İqbekoyi ilə də yaxşı münasibətimiz var. Premyer Liqanın ən yaxşı əcnəbi futbolçusunu gəlincə, məncə, bu, "Qarabağ"da çıxış edən Riçard Almeydadır.
- Komandanızda xüsusən, yerli futbolçuların əksəriyyəti gənclərdən ibarətdir. Onlarla meydanda bir-birinizi anlamaqda çətinlik çəkmirsiniz?
- Gənc futbolçularla oynamaq mənim üçün heç də çətin deyil. Amma onlar günbəgün öz təcrübələrini artırmalı və öyrənməlidirlər. Düşünürəm ki, 1-2 aydan sonra gənc futbolçularımız daha yaxşı oyun nümayiş etdirə biləcəklər. Komandada olan gənclər, demək olar ki, yaxşıdırlar.
- Mövsümün ilk yarısında bir müdafiəçi kimi sizin üçün ən arzuolunmaz komanda və futbolçu kim oldu?
- Mənim üçün hər bir oyun eynidir. Amma ilk oyunda "Qarabağ"la çətin matç keçdi. Bu oyunda biz 1:4 hesabı ilə məğlub olduq və Samuel Armenteros 2 qola imza atdı. Düşünürəm ki, bu, bizim mövsümün ilk yarısında ən pis oyunumuz olub. Ən arzuolunmaz futbolçu kimi Armenterosun adını qeyd etmək istərdim.
- Serbiyanın U-19 millisində oynamısınız, gənc futbolçu kimi əsas milliyə Azərbaycan Premyer Liqasından dəvət almağınız nə dərəcədə realdır?
- Bunu yığmanın baş məşqçisi bilər. Məşqçilər hər ölkənin çempionatını izləsələr, niyə də yox? Bir gün milli komandada oynamaq hər buir futbolçunun arzusudur.
- Siz Ukrayanada "Çernomorets"də çıxış edərkən, komandanın sabiq baş məşqçisi, hazırda "Qəbələ"yə rəhbərlik edən Roman Qriqorçuku necə təqdim edir, işini necə dəyərləndirirdilər?
- Bu barədə heç nə deyə bilmərəm. Çünki mən "Çernomorets"ə gələndə Qriqorçuk klubu tərk etmişdi.
- "Partizan"dan "Srvena Zvezda"ya keçidinizi necə qarşılamışdılar. Ümumiyyətlə, bir futbolçunun əzəli rəqibi ilə müqavilə bağlamasına necə yanaşırsınız?
- Mənim ölkəmdə iki klub arasında rəqabət çox güclüdür. Onlar əzəli rəqib hesab olunduğu üçün bəzi futbolçuların hər iki klubda forma geyinməsi heç də normal qarşılanmayıb. Amma məndə vəziyyət fərqlidir. Bir şeyi vurğulamaq istəyirəm ki, mən "Partizan"ın heyətində yalnız aşağı yaş qruplarında çıxış etmişəm. Əsas heyətdə heç vaxt olmamışam. Lakin sonradan "Srvena Zvezda"ya keçdikdən sonra əsas heyətin üzvü oldum və azarkeşlərlə heç bir problemim olmadı. Hər şey normal qarşılandı.
saytlarin hazirlanmasi