"Kəpəzdən çox şey gözləyirəm"
Bu gün “Kəpəz”in icraçı direktoru Mehman Allahverdiyevin doğum günüdür.
Sportal.az xəbər verir ki, bu münasibətlə klub saytı Allahverdiyevdən müsahibə götürüb.
- Mehman müəllim, sizi təbrik edirik...
- Təbrikə görə təşəkkürümü bildirirəm. Yeni ilin başlanğıcında ad günümü qeyd edirəm. Ötən il yadda qalan oldu. Doğma komandamız yenidən Premyer Liqaya qayıtdı. Bizim üçün sevindirici haldır. Çempionatın ilk yarısında komandamız uğurlu çıxış etdi. Demək, geridə qoyduğum bu bir ildən razı qala bilərəm. Ümumiyyətlə, illər tez-tez keçir. Adama elə gəlir ki, dünənə kimi futbol oynamışam. “Kəpəz” və “Neftçi”də oynadığım illər gözümün qabağından gəlib keçir. Gəncə klubunun baş məşqçisi kimi əldə etdiyim uğurların, çempionluqların, kubokların hamısı sanki dünən olub. Həyatdır, yaşayırıq. Komandamızın yenidən nailiyyətlər qazanacağına inanırıq. “Kəpəz”ə qələbələr yaraşır.
- Yeni ilin ilk günü qardaşınız Füzuli Allahverdiyevin, köhnə Yeni ildə də sizin doğum gününüzdür...
- Ailədə dörd qardaşdan biz ikimiz futbolçu olduq. O biri qardaşlarım da futbol oynayırdı. Yeni və köhnə Yeni il bizim üçün düşərli oldu. Füzuli ilə mən ölkə futboluna xeyir verən insanlardan olduq. Futbolla Azərbaycan bayrağını xaricdə dalğalandırdıq. Ölkəni təmsil etmək, onu tanıtmaq hər bir vətəndaşın arzusudur. Uzun illər öncə vəzifəli şəxslərdən biri ilə görüşürdük. Söhbət əsnasında “Mehman, sən xoşbəxt insanlardan birisən” dedi. Bunu onunla izah etdi ki, böyük vəzifəsi olmasına baxmayaraq, yalnız şəhər daxilində tanınır, amma Mehman Allahverdiyev adı bütün SSRİ-yə tanışdır. Bu, futbolun sayəsində mümkün olub. Biz oynadığımız dövrlərdə futbol tamam başqa idi. Hamı futbolçularla oturub-durmağa can atırdı. “Neftçi”də oynadığım vaxtlarda Gəncəyə gələndə azarkeşlər məndən əl çəkmirdilər, hamısı görüşməyə çalışırdı. Bütün bunlar futbola görə idi.
- Bir sözlə, futbol sizə şan-şöhrət qazandırıb....
- Bəli, elə mən də onu demək istəyirəm. Zeynəb Xanlarovanın bir mahnısı var, orada “Dünyanın xoşbəxti mənəm dünyada” deyilir. Doğrudan da, futbolçular hamıdan xoşbəxtdirlər, çünki digər idmançılardan daha çox tanınırlar. Bu, futbola dəstəyin, marağın çox olmasından irəli gəlir. Yaşa dolduqca təhlil aparmaq həm asanlaşır, həm də çətinləşir.
- Futbola futbolçu və məşqçi kimi xidmət etmisiniz. İndi isə klubun rəsmisisiniz. Özünüzü hansında daha rahat hiss etmisiniz?
- İcraçı direktor kimi məsuliyyət daha çoxdur. 10 il baş məşqçi işləmişəm. Bu vəzifənin də ağırlığı var. Belə bir söz var, uduzanda baş məşqçi uduzur, udanda komanda. Açıq deyəcəyəm, futbolçu vaxtlarım mənim üçün daha gözəl günlərlə yadda qalıb. Futbolçu həyatı tamam başqadır. Düzdür, hər şeyin öz dövrü, gözəlliyi var. Amma futbol oynadığım vaxtlar yaddaşımda daha çox xoş xatirələr, izlər qoyub. Mən həm futbolçu, həm də məşqçi kimi öz sözümü demişəm. SSRİ-nin ən güclü şərhçisi olmuş Nikolay Ozerov televiziyadan haqqımda xoş sözlər deyirdi və bu mənə ləzzət edirdi. İnanın, heç nə gözümə görünmürdü, əməyimə sözlərlə verilən qiymət məni xoşbəxt edirdi. Məni oynadığım futbol bu səviyyəyə gətirib çıxarıb.
- Hamının fikri yenidən “Kəpəz”ə yönəlib. Uğur qazanmaq üçün səylər birləşdirilib. Rəhbərlik də məşqçilər korpusu və futbolçular kimi komandanın uğurlu çıxışına çalışır.
- İlk iki dövrədə “Kəpəz” gözlədiyimizdən də yaxşı nəticə göstərdi. Baş məşqçimiz Şahin Diniyevin yaxşı bir sözü var. Uğurlu çıxışımızda hamının əmək sahibi olduğunu bildirir. Şahin müəllim gözəl kollektiv yaradıb. Komandanın içində nizam-intizam yüksək səviyyədədir, xoş ab-hava hökm sürür. Mən “Kəpəz”dən çox şey gözləyirəm. Düzdür, futbolda nəticə qazanmaq indi həm də maliyyədən, büdcədən asılıdır. Bununla belə, inanıram ki, futbolçular uğur qazanmaq üçün əllərindən gələni edəcəklər. Ümidlə yaşamaq lazımdır.