Azarkeşlər qalib gəldi
Bir qrup Gəncə azarkeşi Yevlaxda toplanışı sürdürən “Kəpəz”in qonağı olub.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, komandanı məşqdə dəstəkləmək, futbolçulara motivasiya vermək üçün “Kəpəzultras” və “Xəmsə” fanklublarının üzvləri bazaya baş çəkib. Fanatlar “sarı-göylər”in axşam hazırlığında şüarlar söyləyib, bəstələr oxuyublar.
Məşqdən sonra isə azarkeşlərlə futbolçular arasında yoldaşlıq görüşü keçirilib. Komandanın baş məşqçisi Şahin Diniyevin idarə etdiyi oyun fanatların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Futbolsevərlər qələbə topunu 11 metrlik cərimə zərbəsi zamanı üçüncü cəhddən sonra vurublar.
Dostluq əhval-ruhiyyəsində keçirilən matçdan sonra azarkeşlər “Kəpəz”ə uğurlar arzulayıb, çempionatın ikinci hissəsində də komandaya böyük qüvvə ilə dəstək verəcəklərini bildiriblər.