"...Gəncə klubu çempionatda həmişə mükafatlara iddia edə bilər"
“Doğma klubumuzun elitaya qayıtması münasibəti ilə Gəncə futbolunun azarkeşlərini təbrik edirəm. “Kəpəz” oynadığı futbolla fanatları stadiona qaytarıb. Mən Gəncədə belə komandanın olmasına çox sevinirəm”.
Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in saytına Hindistanda çalışan gəncəli məşqçi Etibar İbrahimov deyib. Asiya ölkəsində 16 yaşlı oğlanlardan ibarət yığma komandanın məşqçisi vəzifəsində işləyən İbrahimov daha sonra sözlərinə bunları əlavə edib: “İnternet vasitəsi ilə komandanın çıxışını izləyirəm. Sevindiricidir ki, ev oyunlarında azarkeşlər stadionu doldururlar. Yalnız Gəncədə belədir. Bu, şəhərimizdə futbolun xüsusi yerinin olduğunu göstərir. Komandaya hərtərəfli dəstəyə görə klub rəhbərliyinə də "sağ ol" düşür”.
Vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında çalışmış mütəxəssisə “sarı-göylər”in heyətində çıxış edən gənc futbolçular yaxşı tanışdır. Belə oyunçulardan biri Budaq Nəsirovdur: “Şahin Diniyev yaxşı kollektiv yaradıb. Heyətə perspektivli futbolçular cəlb olunub. Bu mənada Budaq Nəsirov millidə işlədiyim dövrdən yaxşı tanıdığım futbolçulardan biridir. Onun oyunu məni sevindirməyə bilməz. Nəsirova uğurlar arzu edirəm. Əvəzedici heyətdən ara-sıra əsas komandaya çağırılan Əli Səmədova görə də çox şadam”.
Pro kateqoriyalı məşqçi Nizami yurdunun təmsilçisinin Premyer Liqada uğurlu çıxışında baş məşqçi faktorunu da irəli çəkib: “Kəpəz”in ən böyük uğuru komandanın başına Şahin Diniyevin gətirilməsidir. Onu uzun müddətdir ki, tanıyıram. Şahin müəllim minimumdan maksimum əldə edən məşqçilərdəndir. Diniyev öz hazırlıq planı ilə komandanı lazım olan kondisiyaya gətirib çıxa bilir. “Kəpəz”in turnir cədvəlində üst sıralardakı rəqibləri ilə xal fərqi də çox deyil. Komandanın maddi imkanları bir qədər güclü olsa, Gəncə klubu çempionatda həmişə mükafatlara iddia edə bilər”.
saytlarin hazirlanmasi