Vaqif Cavadov: "Baş məşqçinin göstərişi ilə mövqe dəyişikliyini vurğulaya bilərəm"

14:38 - 22 Yanvar 2016

"Bu da mənim üçün problem olmayacaq"

 

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə hazırlığını davam etdirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Kimyaçılar" Türkiyəyə gəlməmişdən öncə heyətinə 4 yeni futbolçu – Vaqif Cavadov, Səlahət Ağayev, Nicat Muxtarov və Eltun Yaqublunu qatmışdı.

 

2006-cı ildən milli komandanın şərəfini qoruyan yeni transfer Vaqif Cavadov “Sumqayıt” FK-dakı çıxışından danışıb. 26 yaşlı futbolçu Türkiyədə baş tutan təlim-məşq toplanışını dəyərləndirərək keçirilmiş yoxlama oyunları haqqında açıqlama verib: 

 

“Artıq bir həftədir ki Türkiyədə təlim-məşq toplanışını davam etdiririk. Hər şey yüksək səviyyədə təşkil edilib. Gündə iki dəfə olmaqla hazırlıq keçirik. Fikrimcə, Antalyaya gəlməyimiz komandanın xeyrinə olacaq. Ölkə daxilində qalsaydıq yoxlama oyunları baxımından axsayardıq. Burada olduğumuz müddət də üç yoxlama matçı keçirmişik. Qarşılaşdığımız rəqiblər fiziki göstəriciləri yüksək olan komandalardır. Hər üç oyunu üstün oynasaq da, yalnız birində qələbə qazana bilmişik. Dünən məğlub olduğumuz İran çempionu “Sepahan”la görüşdə də uşaqlar baxımlı futbol nümayiş etdirdi, lakin məğlub olduq. Belə qarşılaşmalarda nəticə önəmli deyil. Əsas olan odur ki, çempionatın 3-cü dövrəsinə qədər yaxşı forma yığaq”.

 

Vaqif Cavadov komandaya uyğunlaşma haqqında sualımıza belə cavab verib: “Uyğunlaşma baxımından heç bir problem yaşamadım. Sadəcə olaraq, baş məşqçinin göstərişi ilə mövqey dəyişikliyini vurğulaya bilərəm. Düşünürəm ki, bu da mənim üçün problem olmayacaq. Baş məşqçi Samir Abasova və komandaya kömək etməyə gəlmişəm. İnşallah mövsümün sonunda komanda yuxarı pillələrdə qərarlaşacaq. Bunun gerçəkləşməsi üçün yaxşı heyətimiz var”.

Xəbər xətti