Vidadi Rzayev: "Çalışacağıq ki, öz uşaqlarımız klubumuz üçün faydalı olsunlar"

15:39 - 22 Yanvar 2016

"Onlarla işləmək həvəs yaradır"

 

Bir müddət öncə “Kəpəz”in 19 yaşlılardan ibarət komandasının baş məşqçisi təyin edilən Vidadi Rzayev artıq işinin başındadır. 48 yaşlı mütəxəssis hər gün futbolçuları şəhər stadionunun ehtiyat meydançasında məşqə çıxarır. 

 

Sportal.az xəbər verir ki, Rzayev təyinatı və iş planı ilə bağlı klubun rəsmi saytına fikirlərini bölüşüb. O, öncə təyinatına münasibət bildirib: “Klub rəhbərliyi mənə 19 yaşlılarla işləməyi təklif etdi və mən də dəvəti qəbul etdim. Mənə etimad göstərənlərə, bu vəzifəyə layiq görənlərə minnətdarlığımı bildirirəm. Böyük etimad göstəriblər və ümidləri doğrultmağa çalışacağam. Özümü işin öhdəsindən gəlməyə hazır və qadir sayıram”.

 

Vidadi Rzayev “Kəpəz” üçün yad sima deyil. O, futbolçu kimi Gəncə təmsilçisinin heyətində oynayıb, eləcə də karyerasını başa vurduqdan sonra məşqçi kimi komandada çalışıb.  Üç müxtəlif vaxtda “Kəpəz”də çıxış etmiş Rzayev əsas komandada məşqçi və baş məşqçi işləyib. Ötənlərin məşhur futbolçusu klub birinci divizionda çıxış edərkən “sarı-göylər”in əsas çalışdırıcısı olub. Məşqçi kimi doğma klubu ilə hələ ki, nailiyyətə imza ata bilməsə də, oynadığı dövrlərdə Azərbaycan çempionu və ölkə kubokunun qalibi adını qazanıb: “Futbolu çox sevirəm, ömrümün yarısından çoxunu futbola həsr etmişəm. “Kəpəz”də həm oynamışam, həm də məşqçi kimi işləmişəm. Bu, çox xoşdur. Çətinliklərdən qorxan, çəkinən adam deyiləm. Meydança ilə bağlı bir az problemimiz var, inanıram ki, tezliklə bu da yoluna qoyulacaq. Rəhbərlik komandalara uyğun şərait yaratmaq üçün çalışır”.   

 

Rzayevin yeni qəbul etdiyi komanda ilə işi çox olacaq. U-19 çempionatda zəif təsir bağışladığından baş məşqçinin əsas vəzifəsi ilk növbədə kollektivi düşdüyü çətin vəziyyətdən çıxartmaqdır: “Görüləsi çox işimiz var. Amma çətinlikləri dəf edə biləcəyimizi düşünürəm. Komandaya baxıram, heyətdə yaxşı uşaqlar var. Məndən əvvəl komandada baş məşqçi işləmiş Fuad İsmayılov əlindən gələni edib. Fikrimiz aşağı yaş qruplarından komandaya yeni futbolçular dəvət etməkdir. 17 yaşlılara nəzər yetirmişəm, aralarında perspektivli oyunçular var. Onlarla işləmək həvəs yaradır. Bizdə yetişən, seçilən uşaqlar isə gələcəkdə əvəzedici heyətə və əsas komandaya dəvət ala bilərlər. Gənclərə yol açmaq, şans vermək lazımdır. Çalışacağıq ki, öz uşaqlarımız klubumuz üçün faydalı olsunlar”.  

 

Sonda qeyd edək ki, Vidadi Rzayevin postunda çempionatda rəsmi debütü gələn aya təsadüf edəcək. Fevralın 10-da ikinci dövrənin ilk oyununda “Kəpəz” “Zirə” səfərində meydana çıxacaq. 

Xəbər xətti