Hanı yetişdirdiyiniz futbolçular?
Yaxınlarda Türkiyə mətbuatında yayılan bir xəbər Azərbaycanın futbol ictimaiyyəti arasında birmənalı qarşılanmadı. Söhbət AFFA-nın “Trabzonspor"un iki futbolçusunu milliləşdirmək istəyindən gedir. Trabzon təmsilçisinin aşağı yaş qrupları üzrə baş məşqçisi Sadi Tekelioğlu iki futbolçunun AFFA-nın diqqətini çəkdiyini dedikdən sonra danışıqlara başlandığı bildirilirdi. Bundan bir neçə gün əvvəl isə Türkiyənin U-17 millisi və Almaniyanın “Kayzerslautern" klubunun futbolçusu Ünal Altıntaş AFFA-dan gələn təklifi rədd etmişdi. Bu durum Azərbaycan futbolunun uçurumun kənarında dayanmasına və AFFA-nın fəaliyyətinin iflas həddində olduğuna daha bir sübut idi.
10 il əvvəl ölkə başçısı İlham Əliyevin imzası ilə futbolun inkişafına dair 2005-15-ci illəri əhatə edən dövlət proqramı qəbul edildi. Proqrama görə 10 il müddətində Azərbaycanda güclü infrastruktur qurulmalı, bölgələrdə futbol inkişaf etdirilməli, yeni-yeni istedadlar üzə çıxarılmalı, yığma komandaların nəticələri yüksəldilməli idi və s. Keçən il həmin proqramın müddəti başa çatdı. Proqramda nəzərdə tutulanlara əməl olunsaydı, indi tamam başqa mənzərə ilə qarşılaşacaqdıq. Çempionatımızda 10 yox ən azı 18 komanda oynamalı, I Divizion SOCAR-dan asılı uşaq baxçası deyil, əsl peşəkar liqa olmalı, 2-ci dəstə yaradılmalı, yığma komandamız Avropanın ortabab millisinə çevrilməli, aşağı yaş qruplarından ibarət komandalarımız dünya və Avropa çempionatına vəsiqə qazanmalı, eyni zamanda bizdən də ən azı Mxitaryan səviyyəsində futbolçu çıxmalı idi. Ancaq hazırda bunun tam əksi ilə üz-üzəyik. Premyer Liqanın hansı günə düşdüyü göz önündədir. I Divizion tamamilə AFFA-dan asılı, SOCAR-dan maliyyələşən klublardan ibarət liqaya çevrilib. 2-ci dəstə ümumiyyətlə, yoxdur. Həvəskarlar liqası 70 dəqiqədən və 1 hakimdən ibarət olan məhlə çempionatına çevrilib. Yığma komanda xərclənən milyonların qarşısında heç bir uğur qazanmayıb, aşağı yaş qruplarından ibarət mililər yerində sayır. Mxitaryan bir yana, heç Türkiyənin, Rusiyanın ortabab komandalarında oynayacaq səviyyədə futbolumuz yoxdur. Bütün bunlar onu göstərir ki, dövlət proqramına əməl olunmayıb, əvəzində xalqın, dövlətin milyonları havaya sovrulub. Elxan Məmmədov və onun havadarları sayəsində futbolumuz o günə qalıb ki, bu gün AFFA başqa ölkələrdə qapı-qapı düşüb futbolçu dilənir. 6-7 il xalqın pulunu dağıdan federasiya rəhbərliyi istefa verib getmək əvəzinə, qısılmış büdcəni də legionerlərə paylamaqda davam edir. Bu 10 ildə niyə normal futbolçu yetişdirməmisiniz ki, bu gün türklərə ağız açıb “Trabzonspor"da heç nəyə yaramayan futbolçuları yığmaya gətirmək üçün yalvarırsınız? Hanı yetişdirdiyiniz futbolçular? Axı, havaya sovurduğunuz milyonların hesabına Avropa səviyyəsində onlarla futbolu hazırlamaq olardı. 3 ildir I Diviziona limit qoymusunuz ki, guya yerli gənclər oynayıb artıracaqlar. Bəs, o gənclər haradadır ki, yenə legioner axtarışına çıxmısınız? Xəbəriniz var ki, bununla da öz fəaliyətinizin, axmaq limitlərin, mənasız “top çiləmə", “elit məşq" kimi layihələrinin iflasa uğradığını qəbul etmiş olursunuz?
Anar XANLAROV
“Het-trik news” qəzeti
saytlarin hazirlanmasi