İntihar edən idmançılar
Bir neçə gün əvvəl kolumbiyalı futbolçu, bir vaxtlar “Qalatasaray"ın şərəfini qorumuş Fərid Mondraqonun intihar cəhdi barədə xəbərlər dünya mətbuatının gündəmini zəbt etdi. Həyat yoldaşından ayrıldığı üçün yüksək dozada sakitləşdirici preparat qəbul edən veteran futbolçu təcili xəstəxanaya çatdırılıb. Həkimlər Mondraqonu ölümün pəncəsindən qurtara biliblər. Bu, futbol aləmində ilk intihar cəhdi deyil. İndiyə kimi onlarla məşhur futbolçu problemlərdən çıxış yolunu canına qıymaqda görüb. Onlardan bir neçəsi haqqında məlumat verəcəyik. Amma əvvəlcə qısaca olaraq Mondraqon haqqında...
Tam adı Farid Ali Kamilo Mondraqon olan futbolçu 1971-ci il iyunun 21-də Kolumbiyanın Kali şəhərində dünyaya gəlib. Peşəkar karyerasına 1990-cı ildə doğulduğu şəhərin “Deportivo" klubunda başlayıb. 2001-ci ilə kimi müxtəlif vaxtlarda Kolumbiyanın “Real Kartaxena", “İndependyente" (Santa-Fe), Paraqvayın “Serro-Porteno", Argentinanın “Argentina Xuniors", “İndependyente", İspaniyanın “Real Saraqosa" komandalarının şərəfini qoruyub. 1995-ci ildə “İndependyente" ilə Libertadores Kubokuna sahib çıxıb. Mondraqon daha çox “Qalatasaray"dakı çıxışı ilə məşhurlaşıb. 2001-2007-ci illər aralığında İstanbul klubunda çıxış edən qapıçı 2 dəfə Türkiyə çempionu olub, 1 dəfə isə Türkiyə Kubokunu başı üzərinə qaldırıb. Daha sonra Almaniyanın “Köln", 2011-ci ildə isə ABŞ-ın “Filadelfiya Yunion" klubuna keçib. Karyerasını 2014-cü ildə doğma “Deportivo"da başa vurub.
2014-cü il iyunun 24-də Dünya Çempionatının final mərələsində Yaponiya ilə oyunda iştirak etməklə mundial tarixinin ən yaşlı futbolçusu kimi (43 yaş 3 gün) adını tarixə yazdıran Mondraqon Kolumbiya yığmasının heyətində 51 oyunda forma geyinib və 1993-cü ildə keçirilən Amerika Kubokunun bürünc medalını qazanıb.
Leonid Adamov
1977-ci il, 36 yaş
“Spartak" və Minsk “Dinamo"sunun sabiq futbolçusu Leonid Adamovu özünü öldürmək həddinə həyat yoldaşı və qızı çatdırmışdı. Arvadı son vaxtlar həddən artıq spirtli içki içir, yaşadıqları evdə tez-tez səs-küylü məclislər təşkil edirdi. Az sonra qızı da bu məclislərin daimi üzvünə çevrildi. Günlərin birində evinə dönən Adamov mənzildə həyat yoldaşı və qızının iştirakı ilə orgiyanın şahidi olur. Gördüklərindən dəhşətə gələn futbolçu özünü pəncərədən atır və aşağıda yerləşən mağazanın damına düşür. Aldığı çoxsaylı zədələrə baxmayaraq, canı üstündə olan Leonidi xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmur. Deyilənə görə, özünü pəncərədən atmamışdan əvvəl Leonid venalarını kəsibmiş. Amma sonradan bu xəbər təsdiqini tapmayıb.
Adam Ledvon
2008-ci il, 34 yaş
Ledvon Polşa millisinin üzvü olub. Özü də ölkəsində kifayət qədər populyar futbolçu idi. Karyerasını bitirdikdən sonra yerli telekanalların birindən dəvət alan Adam yeni işə başlamamış yaşadığı evdə özünü asır. Bu hadisə 2008-ci ildə keçirilmiş Avropa çempionatının lap əvvəllərində baş verir. Adamın ailəsində problem yox idi. Onun ölümündən əvvəl yazdığı məktubdan məlum olur ki, o, futboldan ayrıldığı üçün canına qəsd edib.
Yannis Koskinatis
2008-ci il, 25 yaş
Yannis özünü Rodos yaxınlığındakı 12 metrlik qayadan atmaqla həyatına son qoyub. O, Yunanıstanın aşağı dəstə komandalarından olan “Diaqoras"ın futbolçusu idi. Ölümündən bir neçə gün əvvəl onun komandası ölkə kubokunda “Olimpiakos"la qarşılaşmışdı. Yannisin adı əsas heyətdə yox idi. Bunu qəbul edə bilməyən futbolçu intihardan əvvəl məktub yazmışdı: “Məni heyətə salmamaq böyük haqsızlıqdı. Daha dözə bilmirəm".
Robert Enke
2009-cu il, 32 yaş
“Barselona", “Benfika" və Almaniya yığmasının sabiq qapıçısının son vaxtlar psixi vəziyyətində problemlər var idi. O, tez-tez depressiyaya düşürdü. Səbəb kimi tezliklə karyerasını bitirəcəyini və ailəsinin onu atacağını göstərirdi. Bir qədər əvvəl ürəyindəki xəstəlik nəticəsində balaca qızı Roberta dünyasını dəyişmişdi. Bundan sonra Enkelər ailəsi körpələr evindən övladlığa uşaq götürmüşdülər. Qolkiper psixikasının qaydasında olmadığından ictimaiyyətin xəbər tutacağından və onun valideynlik hüququndan məhrum ediləcəyindən ehtiyatlanırdı. Ona dəstək olan bəlkə də yeganə şəxs həyat yoldaşı idi. Uzun müddət müalicə almasına baxmayaraq, sonda Enke problemin həlli yolunu intiharda gördü. Avtomobili ilə dəmir yol keçidinə yaxınlaşan futbolçu özünü saatda 160 km sürətlə hərəkət edən qatarın altına atdı. Sonradan polislər avtomobildə Enke tərəfindən yazılmış məktub tapdılar. Robert zəif xarakterinə görə ailəsindən və onu müalicə edən həkimlərdən üzr istəyirdi.
Sergey Savçenko
2010-cu il, 43 yaş
Moldovanın “Zimbru", Moskvanın ÇSKA və SSRİ-nin gənclər yığmasındakı çıxışı ilə yadda qalan Savçenko karyerasını 31 yaşında bitirmişdi. Buna baxmayaraq, futboldan ayrı düşməmişdi. O, Moldova Futbol Federasiyasında çalışır və veteranlarla futbol meydanlarında tez-tez keçmiş günləri xatırlayırdı. 2010-cu il iyulun 3-ə keçən gecə Sergey Kişinyovdakı mənzilinin pəncərəsindən özünü ataraq həyatına son qoyur. Polis bunun intihar olduğunu ehtimal edir. Səbəb kimi bir neçə versiya irəli sürülür. Onlardan ən inandırıcısı bu idi ki, Sergey ölümündən bir gün əvvəl bukmeker kontorlarından birində Braziliyanın qələbəsinə böyük məbləğdə pul qoyuluşu etmişdi. Həmin gün Braziliya mundialın 1/4 finalında Hollandiya ilə qarşılaşmış və məğlub olmuşdu. Deməli, Sergeyin pulları batmışdı.
Deyl Roberts
2010-cu il, 24 yaş
Deyl İngiltərə aşağı dəstəsində çıxış edən “Raşden & Deymonds"un qapıçısı idi. Günlərin birində o, sevgilisinin başqası ilə görüşdüyünü öyrənir. Həmin insan onun komanda yoldaşı Pol Terri idi. Pol məşhur ingilis futbolçusu, “Çelsi"nin üzvü Con Terrinin kiçik qardaşıdır. Bir müddət olanların şokundan ayıla bilməyən Deyl sonda haqq-hesabı özünü asmaqla çürüdür. Maraqlıdır ki, Con Terri də bir vaxtlar İngiltərə millisində birgə çıxış etmiş komanda yoldaşı Ueyn Bricin həyat yoldaşını “oğurlamışdı".
Aleksandr Kovalenko
2010-cu il, 34 yaş
Saşa Ukraynanın “Dnepr", “Şaxtyor", “Metallurq" (Donetsk) kimi komandalarında çıxış edib. 2010-cu ildə kareyrasını bitirdikdən sonra hakimliyə başlayan Kovalenko özünü yaşadığı evin pəncərəsindən atmaqla həyatına son qoyub. İntiharın səbəbləri məlum deyil.
Çen Say Xo
2011-ci il, 35 yaş
Honqkonqun ən məşhur futbolçularından biri olan Çen Say Xo həyat yoldaşı ilə mübahisədən sonra özünə qəsd edib. Yerli polisin verdiyi məlumata görə mübahisə ər-arvadın pullarını “bölə bilməməsi" üstündə düşüb. Özü də bu birinci hal deyilmiş. Çen Say Xo futbol tarixində peşəkar səviyyədə ən tez vurulan qolun müəllifidir. O. Honqkonqun gənclərdən ibarət yığma komandasının heyətində çıxış edərkən oyunların birində 2,5-ci saniyədə fərqlənmişdi.
Çjon Çon Xvan
2011-ci il, 29 yaş
Koreyalı futbolçu danışılmış oyunlarda iştirakda ittiham olunmuşdu. Bu üzdən onu futboldan ömürlük uzaqlaşdırmışdılar. Biabırçılığı qəbul edə bilməyən Çjon Çon Xvan çıxış yolunu intiharda görmüşdü.
Li Su Çxol
2011-ci il, 43 yaş
“Danışılmış oyunlar"la bağlı ittiham olunan daha bir şəxs. Li Su Çxol məşqçi idi və o da futbolçusu Çjon Çon Xvan kimi intihar etmişdi. Bu, “çirkli futbol"un aldığı sonuncu can deyildi. Bir il sonra...
Li Qyun Xvan
2012-ci il, 24 yaş
Bir il sonra Li Qyun Xvan İnçxondakı mənzilinin damından özünü atmaqla həyatına son qoydu. Onu danışılmış oyunlarda iştirak etdiyinə görə əvvəlcə həbs etmiş, sonra isə 3 illik icbari iş vermişdilər.
Hari Spid
2011-ci il, 42 yaş
Spidin ölümü dünya futboluna ağır zərbə oldu. İngiltərə Premyer Liqasının və Uels yığmasının ulduzu, Britaniya İmperiyasının Kavaler Ordeninə layiq görülmüş Hari futbolçu karyerasını 40 yaşında bitirmişdi. Dərhal da Uels yığmasının baş məşqçisi təyin olunmuşdu. Demək olardı ki, həyat öz axarı ilə gedirdi. Yaxşı iş, hörmət, ailə, 2 övlad...
2011-ci il noyabrın 27-də Spid öz evində asılmış vəziyyətdə tapılır. Deyilənə görə ölümündən əvvəl o, həyat yoldaşı ilə mübahisə edib. İşi aparan müstəntiqin versiyasına görə, bundan sonra həyat yoldaşını qorxutmaq üçün boynuna antena kabeli keçirib və nərdivanda oturaraq onun gəlməsini gözləyib. Həyat yoldaşı gec gəldiyindən ya ayağı sürüşüb, ya da yuxulayaraq ölüb.
Robert Kutasi
2012-ci il, 48 yaş
Macarıstanın REAK klubunun baş direktoru olan Robert ölkəsində danışılmış oyunlarla həmişə mübarizə aparan birisi kimi tanınıb. 2012-ci il fevralın 28-də onun rəhbərlik etdiyi komandanın 6 futbolçusunun danışılmış oyunlarda iştirak etdiyi məlum olanda Kutasi şoka düşmüşdü. Mətbuata verdiyi açıqlamada “daha yaşamağa dəyməz" deyən baş direktor bir neçə gün sonra yaşadığı hünrüdmərtəbəli evin damından özünü atmaqla həyatına son qoymuşdu.
Boris Çebotar
2012-ci il, 37 yaş
“Zimbru" və Moldova yığmasının sabiq futbolçusu bir neçə dəfə ölkəsinin çempionu adını qazanıb. Karyerasını bitirdikdən sonra “Zimbru"nun gənc futbolçularının hazırlığı ilə məşğul olurdu. 2012-ci il iyulun 16-da Çebotarın cəsədi yaşadığı evin yaxınlığında aşkar edilir. Sonradan onun özünü 4-cü mərtəbədəki mənzilindən atdığı məlum olur. İntiharın səbəbi isə sirr olaraq qalmaqdadır.
Petr Velyanovski
2012-ci il, 29 yaş
Makedoniyanın ən perspektivli hakimlərindən birinin özünü öldürməsinə səbəb kimi 2 versiya irəli sürülür. Birincisi, onun yerli futbol federasiyası ilə yola getmədiyi göstərilirdi. İkincisi isə yerli futbol mafiyasının Petri özünü öldürmək həddinə çatdırması idi.
Madrono Xorxe Andres
2012-ci il, 20 yaş
“Valyadolid"in və İspaniyanın gənclər yığmasının üzvünün özünü asmasına səbəb nakam sevgi idi. Madrononun istəklisi onu atdıqdan sonra futbolçu əməlli-başlı depressiyaya düşmüşdü. Tərk olundunu “Tvitter"dəki şəxsi hesabında tez-tez xatırladan gəncin sonuncu statusu 1 cümlədən ibarət idi: “Hamınızı bağrıma basıram!”
Mənbə: “Het-trik news” qəzeti