Mətləb Məmmədov: "Gəncədə istedadlı uşaqlar var, onların potensialını üzə çıxarmaq lazımdır"

17:13 - 27 Yanvar 2016

"Futbolçu yetişdirmək çətinləşir"

 

AFFA-nın təşkilatçılığı ilə ayrı-ayrı yaş qrupları üzrə keçirilən Azərbaycan birinciliyində “Kəpəz” klubunun komandaları da iştirak edir.

 

Sportal.az xəbər verir ki, Assosasiyanın uşaq futbolunun inkişafına hesablanan bu layihəsinin Boulevard Hotel U-15 Liqasında məşqçi Mətləb Məmmədovun başçılıq etdiyi komanda qüvvəsini sınayır. Vaxtilə futbolçu kimi “sarı-göylər”in şərəfini qorumuş Məmmədov hazırda yeniyetmə nəslə sevimli idman növünün sirrlərini öyrədir: “Bu yaş qrupu üzrə komandanı yeni yaratmışıq. Düzdür, əvvəllər klubda U-15 komandası olub, lakin sonradan fəaliyyətini dayandırmışdı. Ötən ilin avqustunda yığdığımız komanda ilə ilk günlərdə çətinliklə üzləşsək də,  yavaş-yavaş irəliləyişə nail olduq. Gərgin məşqlərin nəticəsində oyundan-oyuna uşaqlar artırmağa başladılar”.

 

Məşq meydançalarının vəziyyətinə baxmayaraq, bu, məşqçilərin işləmək, futbolçu yetişdirmək istəyinə təsir etməyib. Əksinə, “Kəpəz”in əvəzedici və əsas komandasına layiqli ehtiyat qüvvə hazırlamaq əvvəlki kimi öndə duran vəzifələrdən sayılır: “Meydança ilə bağlı problem olanda, futbolçu yetişdirmək çətinləşir. Amma həmişə deyirlər ki, Gəncədəki futbolçuların hamısı belə meydançalardan çıxıb. Bu deyim doğrudur. “Kəpəz”in bütün güclü oyunçuları burada yetişib. Ona görə də uşaqlar səylə çalışsalar, istəkli olsalar, məşqləri buraxmasalar yaxşı futbolçu ola biləcəklər. Gəncədə istedadlı uşaqlar var, onların potensialını üzə çıxarmaq lazımdır”.

Xəbər xətti