"Böyük ehtimalla klubumla yeni müqavilə imzalayacağam"
Azərbaycan yığmasının yarımmüdafiəçisi, "Karlsrue" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov Almaniya mətbuatına milli komandamızı seçməsindən, eləcə də klubundakı durumundan danışıb.
Sportal.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Azərbaycan yığmasında çıxış etmək qərarıma görə təəssüflənmirəm. Bu qərarımı valideynlərim də dəstəkləyib. Ötən seçmə mərhələdə millinin 10 oyununun hamısında meydanda olmuşam".
Nazarovun sözlərinə görə, millimizdəki çıxışı onda yeni təəssüratlar yaradıb: "Məsələn, yığmada çıxış etməklə sən ancaq televizordan izlədiyin futbolçulara qarşı mübarizə aparmaq şansı qazanırsan".
Dmitri Azərbaycan yığmasına ilk gəlişini də xatırlayıb: "Mənimlə o vaxt millinin baş məşqçisi olan Berti Foqts əlaqə saxladı. Biz görüşdük. Elə həmin görüşdən mən hər şeyin yaxşı olacağını hiss etdim və müsbət cavab verdim".
Ötən mövsüm "Karlsrue" Almaniya Bundesliqasına çıxmağa çox yaxın olsa da, "Hamburq"la pley-off oyununda son anda məğlub olaraq, bu şansdan məhrum olmuşdu. Millimizin üzvü həmin anı da xatırlayıb: "Bu, doğrudan da çox çətin idi. Amma önümüzə baxmaqdan başqa çıxış yolumuz yoxdur. Bir şeyi dəqiq bilirəm ki, ötən mövsüm üçüncü yeri tutmuşduqsa, bu mövsüm bizdən daha artığını gözləyirlər".
"Karlsrue" ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq yarımmüdafiəçi gələcək planlarından da söz açıb: "Böyük ehtimalla klubumla yeni müqavilə imzalayacağam. Amma başqa variantlar da mümkündür. Hər halda bununla bağlı müəyyən fikirlərim var". (Azerisport.com)
saytlarin hazirlanmasi