"Kəpəz"in futbolçusu: "Çoxları fikirləşir ki, Yevlaxda yaxşı şəraitdə hazırlaşmadıq"

13:17 - 9 Fevral 2016

“Kəpəz" uğurlu çıxışını davam etdirməyə çalışacaq”

 

“Hələ öncədən matçın ağır olacağını bilirdik. Rəqib altı oyun idi ki, qol buraxmırdı və yaxşı nəticələr qazanırdı. Bu, onların gücündən xəbər verirdi”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Şəhriyar Rəhimov klubun saytına Premyer Liqanın 20-ci turunda AZAL üzərində qələbəni (2:0) şərh edərkən deyib.

 

"Biz də uğurlu seriyamızın davamını gətirmək istəyirdik. Ona görə matça çox yaxşı köklənmişdik, motivasiyalı idik. Şükürlər olsun ki, qələbə qazanan tərəf biz olduq. Məncə, layiqli qələbə qazandıq. İlk yarıda yaratdığımız qol epizodlarından birindən istifadə etməyimiz komandanı qələbəyə yaxınlaşdırdı” - deyə o bildirib.

 

Ş. Rəhimov “Kəpəz”in çempionatın ikinci hissəsində uğur startı ilə bağlı da fikirlərini bölüşüb:

 

“Tək ayrı-ayrı futbolçular yox, bütün komanda yaxşı çıxış edir. Meydanda səylə mübarizə aparırıq. Bu da qış fasiləsi müddətində keçirdiyimiz təlim-məşq toplanışından irəli gəlir. Fasilədəki hazırlığın bəhrəsini görürük. Bəlkə də çoxları fikirləşir ki, Yevlaxda yaxşı şəraitdə hazırlaşmadıq. Elə deyil. Düşünürəm ki, orada etməli olduğumuz işin öhdəsindən gəldik. Bizə lazım olanı maksimum əldə etdik. Komandanın uğurlu nəticələrə imza atması da bunun nəticəsidir. Uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq”.

Xəbər xətti