"Tam sərbəst": "Kəpəz"də tərcüməçilik edən futbolçu ikinci ali təhsil almaq istəyir

14:39 - 11 Fevral 2016

"Ova çox marağım var"

 

“Tam sərbəst” adlı rubrika "Kəpəz"in rəsmi saytının oxucular tərəfindən maraqla qarşılanan layihəsidir. Bu rubrika vasitəsilə saytıın ziyarətçiləri qonağın futboldan kənar maraq dairəsi ilə tanış olmaq imkanı əldə edir.
 

Sportal.az xəbər verir ki, “Tam sərbəst”in ilk qonağı “Kəpəz”in kapitanı Tural Axundov olmuşdu. Bu dəfə ki, qonaq isə komandanın digər futbolçusu Şəhriyar Rəhimovdu.

Beləliklə, tam sərbəst olan müdafiəçini eşidək:

Poliqlot
Orta məktəbi Azərbaycan bölməsi üzrə bitirsəm də, ilk təhsilimi rus dilində almışam. İbtidai sinifləri rusca oxumuşam. Sonradan Azərbaycan bölməsi üzrə təhsili davam etdirmişəm. Ona görə rus dilini bilirəm. Uşaqlıqdan həm də ingilis dilinə marağım olub. Valideynlərim də daha bu dili öyrənməyimi istəyirdilər. Elə oldu ki, repetitor hazırlığına getdim. Onu da deyim ki, oxuduğum məktəb ingilis dili təmayüllü olub. İkinci sinifdən bizə ingilis dili fənn kimi keçilib. Dil bilməyim çox köməyimə çatıb. Əsasən də legioner futbolçularla ünsiyyət qurmaqda yardımçı olur. İstər bundan əvvəl çıxış etdiyim AZAL-da, istərsə də “Kəpəz”də tərcüməçiliklə məşğulam (gülümşəyir). İngilis dilini lap da mükəmməl bilmirəm. Bəzən çətinlik çəkdiyim sözlər olur, amma əsas odur ki, fikrimi çatdırmağı bacarıram. 

Ali təhsil 
Orta məktəbi bitirəndən sonra ali təhsil almağı hədəfləmişdim. Futbolla məşğul olduğumdan seçimim Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası oldu. İkinci ali təhsil haqda fikirləşmişəm. Hazırda futbol oynadığımdan istəyim alınmır. Karyeramı bitirdikdən sonra bu işin üstünə daha ciddi şəkildə düşməyi planlaşdırmışam. Seçimim Azərbaycan Dillər Universiteti də ola bilər. İngilis dilindən başqa digər xarici dil də öyrənmək istəyərdim. İngilis dili sahəsi üzrə də oxuya bilərəm. Bildiklərimi təkmilləşdirmək yaxşı olar, görək də.

Ov
Düzünü deyim ki, ova çox marağım var. Xüsusən də balıq tutmağa həvəsliyəm. Hərdən dostlarım gedir, amma futbolla bağlı mən gedə bilmirəm. Cəmi bir dəfə balıq ovunda olmuşam. Ovdan başım elə də çıxmır. Lakin bunun həvəsindəyəm. Gələcəkdə ola bilər ki, hobbi kimi bu işlə məşğul oldum. Balıq yeməkləri ilə də aram yaxşıdır. Çox sevirəm balıq yeməklərini. Nərə menyumun ən sevimli yeməyi, dadlı balıq növüdür. Bilirəm ki, özü də kürüsü də bahalıdır. Dovşan, quş və digər heyvan növləri ovlamağa marağım hec olmayıb. Mənimki yalnız balıqdır.

Teatr
Teatr tamaşalarında olmuşam. Amma son vaxtlar gedə bilmirəm. Tanıdığım aktyorlar da var. Yaşar Nuri, Afaq Bəşirqızı və digərlərinin rol aldığı televiziya tamaşalarını isə maraqla izləyirəm. Kinoteatrlara daha tez-tez gedirəm. Sonuncu dəfə təxminən 10 gün bundan əvvəl kinoteatrda olmuşam. 

Ailə
Ailəliyəm, bir oğlum var. Ailəcanlıyam, ailəmə çox bağlı insanam. Futbolçu çox vaxt məşqlər və oyunlarla bağlı ailəsinə vaxt ayıra bilmir, amma mən həmişə evdəkilərin yanında olmağa can atmışam. Boş vaxtlarımı ailəmə həsr etməyə çalışıram. Uşağı gəzməyə aparmağı, qardaşımgilə qonaq getməyi xoşlayıram. Övladımla oynamaq olduqca ürəyimcədir. Düzdü, peşəmlə bağlı uşaq anasını daha çox görür, amma mən evdə olanda ondan əl çəkmirəm. Ona aldığım top və avtomobillərlə oynayırıq. 

Xəbər xətti