"Qələbə istəyi daha çox idi"
"Birinci oyunla budəfəki qarşılaşmanı müqayisə etsək, fərqin böyük olduğunu görərik".
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Təbriz Həsənov Rusiyanın U-17 millisinə qalib gəldikləri oyundan (1:0) sonra deyib.
T.Həsənov ilk görüşdə qeydə alınan böyükhesablı məğlubiyyətin təsadüfi olduğunu sübuta yetirdiklərini bildirib: "Nizam-intizam qaydasındaydı, futbolçular əzmkarlıq nümayiş etdirdilər, qələbə istəyi daha çox idi. Səhvlərimizi düzəltdik və birinci oyunda qeydə alınan böyükhesablı məğlubiyyətin təsadüfi olduğunu göstərdik. İlk qarşılaşmada bəsit səhvlərə yol verdik və nəticədə böyük hesabla yenildik. Futbolçular bundan nəticə çıxardılar və şanslarını dəyərləndirdilər”.