Robert Prosineçki: "Məğlubiyyətin səbəbini bilmirəm"

10:25 - 30 May 2016

"Rəqibə iki top "hədiyyə etdik"
 
Milli komandamız Avstriyadakı ikinci hazırlıq matçında Makedoniyaya 1:3 hesabı ilə uduzub.
 
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb.
 
- Oyun haqqında nə deyə bilərsiniz?
- İki fərqli hissə izlədik. İlk yarıda biz pis oynadıq. Rəqibə iki top “hədiyyə etdik”. Normal ötürmələr verə bilmirdik. İkinci hissədə isə fərqli oyun oldu, ancaq Əfran, Ruslan və Ağabala fərqlənə bilmədi. Hesabı bərabərləşdirə bilərdik, bilmirəm niyə alınmadı. Analiz etmək lazımdı. Məğlubiyyətin səbəbini bilmirəm. Araşdıracam. Ümumiyyətlə, ikinci hissədən razıyam.
 
- İlk yarıda bərbad futbol oynadıq. İkinci hissədə “Neftçi”nin iki oyunçusu əvəzləndikdən sonra vəziyyət qaydasına düşdü. Bəlkə elə “Neftçi”li futbolçularda imiş problem?
- Öz seçimlərimi klublara görə eləmirəm. Onlar hamısı millinin oyunçularıdır. Rəhman və Araz öz oyunlarını göstərə bilmədilər. Onları əvəzləyənlər isə daha yaxşı oynadılar. Təəssüf ki, ikinci qolu vura bilmədik.
 
- Nəyə görə başqa dəyişiklik etmədiniz?
- Yaxşı oynamağa başladılar, mən də uşaqları dəyişmək istəmədim.
 
- Milli çempionatın səviyyəsinin düşdüyünü demişdiniz. Bu, oyununuza təsir edirmi?
- Bəhanələr səsləndirmək istəmirəm. Bəli, futbolçular mövsümün sonunda yorğundular. Ancaq bu, məğlubiyyətə haqq vermir.
 
- Bu gün millinin oyununu DÇ-2018-in təsnifat mərhələsindəki rəqiblərindən Çexiya, Norveç və Şimali İrlandiyanın nümayəndələri də izləyirdilər. Bu gün onlar nə gördülər?
- Bu barədə bilmirdim. Onlar gördülər ki, biz ilk hissədə zəif, ikinci hissədə isə yaxşı oynadıq. Bizim vacib zədəli oyunçularımız var – Namiq Ələsgərov, Rahid Əmirquliyev və Eddi İsrafilov. Namiq Kanadaya qarşı oynayacaq.

Xəbər xətti